Cümə, 25 Sentyabr, 2026
Tarix: 25 Sep 2026 18:10
Azərbaycan regional əsasda effektiv təchizat zəncirinin formalaşmasında böyük rol oynaya bilər.
APA xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal materialları və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda keçirilən sessiyada çıxışı zamanı bildirib.
“Hazırda ölkənin qərb və Naxçıvan bölgələrində genişmiqyaslı kəşfiyyat işləri aparırıq və bununla geoloji potensialın öyrənilməsi prosesini təmin edirik”, - o qeyd edib.
Zakir İbrahimovun sözlərinə görə, mədən ehtiyatlarının aşkarlanması prosesin yalnız bir hissəsidir və real təchizat təhlükəsizliyi üçün onların emalı da vacibdir: “Buna görə Azərbaycan investorlar üçün böyük imkanlar yaradan kritik minerallar üzrə regional mərkəzin yaradılması üzərində çalışır. Burada emal, logistika xidmətləri, investisiya imkanları və beynəlxalq bazarlara çıxış bir məkanda cəmləşəcək”.
“AzerGold” sədri investorları yalnız hasilata deyil, emal prosesinə də cəlb etməyin vacibliyini vurğulayıb: “Biz “gəlin, Azərbaycanda mədən işləri aparın” demirik. Deyirik ki, gəlin, emalı bizimlə birlikdə həyata keçirin. Texnologiyanı, emal üzrə təcrübəni və kapitalı gətirin və birlikdə mədənçilik, emal və etibarlı çıxış imkanlarını özündə birləşdirən regional platforma yaradaq”.
Zakir İbrahimov diqqətə çatdırıb ki, bununla bağlı artıq praktiki nəticələr də var.
Onun sözlərinə görə, yaxın vaxtlarda ABŞ və BƏƏ şirkəti “International Resources Holding” ilə Naxçıvan ərazisində kəşfiyyat işləri üzrə müqavilə imzalanıb.
“Biz Özbəkistanla da birgə kəşfiyyat və hasilat, daha sonra isə filizlərin Azərbaycanda mərkəz kimi istifadə ediləcək emal imkanlarına yönəldilməsi üzrə müqavilələr bağlamışıq”, – o bildirib. “
Zakir İbrahimovun fikrincə Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi investorlar və qlobal bazarlar üçün diversifikasiya və daha böyük təhlükəsizlik imkanları yaradır.
O əlavə edib ki, Azərbaycan qlobal və regional kritik metalların təchizat zəncirinə əlavə dəyər qazandırmağa hazırdır.
İlqar XudiyevMənbə: apa.az