Böyük Zəfərin baş məşqi: Aprel döyüşləri - TƏHLİL

Tarix: 02 Apr 2026 12:28

Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onların əhəmiyyəti baş verdiyi günlə məhdudlaşmır. Zaman keçdikcə bu hadisələrin təkcə bir dövrün hərbi epizodu deyil, sonrakı mərhələlərin siyasi, strateji və psixoloji əsasını təşkil etdiyi daha aydın görünür. 2016-cı ilin Aprel döyüşləri də məhz belə hadisələrdəndir. Bu döyüşlər bir tərəfdən cəbhə xəttində baş verən gərginliyin real hərbi cavabı, digər tərəfdən isə Azərbaycan dövlətinin illərlə apardığı ordu quruculuğunun nəticəsinin praktik təsdiqi idi.

Aprel döyüşlərindən bir neçə ilə sonra baş tutmuş 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri fonunda Aprel döyüşləri məhz yalnız lokal uğur kimi deyil, böyük zəfərin başlanğıc mərhələsi kimi qiymətləndirilir.

Tarixi və siyasi əhəmiyyət

Aprel döyüşlərinin əhəmiyyətindən danışan Birinci Qarabağ müharibəsi və Horadiz əməliyyatının iştirakçısı, ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov APA-ya bildirib ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun real döyüş qabiliyyətini nümayiş etdirən, cəmiyyətin qələbəyə inamını gücləndirən və nəticə etibarilə 44 günlük Vətən müharibəsinə aparan strateji-siyasi dönüş nöqtəsi olub.

Onun sözlərinə görə, gələcək qələbənin əsasını qoyan Aprel Döyüşləri mühüm strateji-siyasi mərhələ rolunu oynayıb: “Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan Ordusu yalnız təlimlərdə deyil, real döyüş şəraitində də qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirmək qabiliyyətinə malikdir; qısa müddətdə mühüm strateji yüksəkliklərin azad olunması, düşmənin təxribatlarının qarşısının alınması və cəbhəboyu sabitliyin təmin edilməsi ordunun gücünü açıq şəkildə nümayiş etdirdi, bu isə sonradan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin hərbi və mənəvi əsaslarını formalaşdırdı”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Birinci Qarabağ müharibəsi veteranı Arzu Nağıyev isə APA-ya açıqlamasında Aprel döyüşlərini Azərbaycanın hərbi-siyasi tarixində dönüş nöqtəsi kimi qiymətləndirib.

A. Nağıyev bu döyüşlərin müasir tarixdə mühüm hərbi-siyasi hadisə kimi qiymətləndirilməli olduğunu qeyd edib, bildirib ki, “Dörd günlük müharibə kimi tarixə düşən bu hadisələrin əsas səbəbləri sırasında Ermənistanın davamlı təxribatları, beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun effektiv fəaliyyət göstərməməsi və BMT qətnamələrinin icra olunmaması yer alıb”. Deputatın vurğuladığı əsas məqamlardan biri də budur ki, “Ermənistanın mövcud “status-kvo”nu qorumaq cəhdləri Azərbaycan üçün qəbuledilməz idi”. Bu yanaşma göstərir ki, Aprel döyüşləri təkcə döyüş meydanının deyil, siyasi iradənin də ifadəsi idi.

Politoloq, professor Qabil Hüseynli Aprel döyüşlərini orduda islahatların nəticəsinin görünən forması kimi təqdim edir.

Professor APA-ya bildirib ki, “Aprel döyüşləri ordunun gücünü və islahatların nəticəsini göstərdi”.

Bu cümlə bir növ bütöv prosesin xülasəsidir. Çünki Aprel döyüşləri təsadüfi və ya anlıq reaksiya deyildi. Bu, illərlə aparılmış hazırlığın, silahlanma siyasətinin, taktiki yenilənmənin və peşəkarlaşmanın ilk böyük nəticəsi idi.

Döyüşlərin başlanma səbəbləri və əməliyyatların mahiyyəti

Döyüşlərin hansı şəraitdə başladığını izah edən Şair Ramaldanov qeyd edir ki, Aprel döyüşləri düşmənin atəşkəs rejimini kobud şəkildə pozması ilə başlayıb: “Ermənistan silahlı qüvvələri cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrini və dinc əhalini hədəfə alaraq iriçaplı pulemyotlardan, minaatanlardan və artilleriya qurğularından intensiv atəş açıb”. Ramaldanovun vurğuladığı başqa mühüm detal da ondan ibarətdir ki, mərmilərdən biri məktəbin həyətinə düşüb, xoşbəxtlikdən həmin vaxt dərs olmadığından insan tələfatı qeydə alınmayıb”.

Bu detal hadisənin yalnız hərbi toqquşma deyil, həm də dinc əhalinin təhlükəsizliyi məsələsi olduğunu göstərir.

Ramaldanov daha sonra bildirir ki, “Yaranmış təhlükəni aradan qaldırmaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusu qarşısında konkret və məhdud hərbi tapşırıq qoyulub”. Onun sözlərinə görə, bu tapşırıq çərçivəsində “Ordu qısa müddət ərzində, cəmi dörd gün davam edən əməliyyatlar nəticəsində mühüm strateji yüksəklikləri azad edib, düşmənin təxribatlarının qarşısını alıb və cəbhəboyu ərazilərdə təhlükəsizlik vəziyyətini sabitləşdirib”.

Arzu Nağıyev də Aprel hadisələrini siyasi və hərbi səbəblərlə izah edir. O bildirir ki, “Aprel döyüşləri Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatı nəticəsində baş verib”. Nağıyevin sözlərinə görə, “qısa müddətdə ciddi hərbi uğurlar əldə olunub və 5 aprel 2016-cı ildə tərəflər arasında atəşkəs razılaşması əldə edilib”.

Bu vurğu onu göstərir ki, döyüşlər həm çevik, həm də nəticəyönümlü xarakter daşıyıb.

Qabil Hüseynli isə məsələnin operativ tərəfini ön plana çıxarır. O qeyd edir ki, “2016-cı ilin aprelində Azərbaycan Ordusuna qarşı hücum həyata keçirildikdən sonra Silahlı Qüvvələr dərhal əks hücum əməliyyatına başlayıb”.

Professorun sözlərinə görə, “Nəticədə Ermənistan silahlı qüvvələrinin mövqeləri və müdafiə xətləri qısa müddətdə dağıdılıb, Azərbaycan Ordusu irəliləyərək bir sıra istiqamətlərdə ciddi üstünlük əldə etdi”.

Bu məqam Azərbaycan Ordusunun hazırlıqlı və sürətli qərarvermə imkanlarına malik olduğunu ortaya çıxarıb.

Hərbi nəticələr və strateji üstünlüklər

Aprel döyüşlərinin əsas nəticələrindən biri strateji mövqelərin nəzarətə götürülməsi idi. Şair Ramaldanov qeyd edir ki, əməliyyatlar nəticəsində “mühüm strateji yüksəkliklər azad edilib, düşmənin təxribatlarının qarşısı alınıb və cəbhəboyu ərazilərdə təhlükəsizlik vəziyyəti sabitləşdirilib”. Bu fikrin davamı kimi o bildirir ki, “əməliyyatların aparılması üsullarında da mühüm yeniliklər tətbiq olunub. Xüsusi təyinatlı qüvvələrin daha aktiv iştirakı, bölmələrin koordinasiyalı fəaliyyəti və çevik taktiki manevrlər ön plana çıxıb ki, bu da düşmənin müdafiə xəttinin yarılması baxımından mühüm rol oynayıb”.

Arzu Nağıyev konkret nümunələrlə bu üstünlüyü daha aydın təsvir edir. Onun sözlərinə görə, “Aprel döyüşləri zamanı əldə edilən əsas strateji uğurlar sırasında Lələtəpə yüksəkliyinin azad olunması, Talış istiqamətində yüksəkliklərin nəzarətə götürülməsi və geniş ərazilərdə üstünlüyün təmin edilməsi xüsusi əhəmiyyət daşıyır”. Nağıyev əlavə edir ki, “bu yüksəkliklər sonrakı döyüşlərdə logistik və taktiki üstünlüklər yaradıb”.

Yəni burada əldə edilən nəticə yalnız dörd günlük dövrə aid deyildi, gələcək hərbi mərhələlər üçün də baza rolunu oynayırdı.

Qabil Hüseynli də strateji yüksəkliklərin əhəmiyyətini xüsusi vurğulayır. O bildirir ki, “Döyüşlər zamanı Tərtər istiqamətindən başlayaraq müxtəlif ərazilərdə yerləşən strateji yüksəkliklər nəzarətə götürüldü. Bu yüksəkliklər həm müşahidə, həm də taktiki baxımdan mühüm əhəmiyyət daşıyırdı və onların ələ keçirilməsi ordunun üstünlüyünü daha da möhkəmləndirdi”.

Professor daha sonra qeyd edir ki, “Bir neçə yaşayış məntəqəsi də işğaldan azad edildi və ordunun irəliləməsi nəticəsində düşmənin müdafiə xətti yarıldı”. Onun xüsusilə vurğuladığı fikir budur ki, “14 strateji yüksəkliyin azad edilməsi böyük hərbi uğur kimi qiymətləndirilməlidir”.

Ordu quruculuğu və modernləşmənin real sınağı

Aprel döyüşlərinin əhəmiyyətini daha dərindən anlamaq üçün ondan əvvəlki illərdə Azərbaycan Ordusunda baş verən dəyişikliklərə baxmaq vacibdir. Şair Ramaldanov bildirir ki, “Həmin dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda genişmiqyaslı modernləşmə prosesi aparılırdı”. O qeyd edir ki, “Ordunun müasir silahlarla təchiz edilməsi prioritet istiqamətə çevrilmiş, ən yeni texnologiyalar əsasında silah və texnika arsenalı formalaşdırılmışdı”.

Bununla yanaşı, Ramaldanovun sözlərinə görə, “Peşəkar ordu modelinə keçid istiqamətində ardıcıl addımlar atılır, kadr hazırlığı, döyüş hazırlığı və taktiki bacarıqlar sistemli şəkildə inkişaf etdirilirdi”.

Arzu Nağıyev də hərbi islahatların Aprel döyüşlərində öz nəticəsini göstərdiyini bildirir. Onun sözlərinə görə, “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi islahatlar bu döyüşlərdə öz nəticəsini göstərib və Ermənistanın müdafiə xəttindəki zəifliklər üzə çıxıb”. Nağıyev bunu “münaqişənin passiv mərhələdən aktiv mərhələyə keçidi” kimi dəyərləndirir.

Bu fikir olduqca əhəmiyyətlidir. Çünki uzun müddət davam edən nisbi sabitlik şəraitində bir çoxları cəbhə xəttində vəziyyətin dəyişməz qaldığını düşünürdü. Aprel döyüşləri isə bu təsəvvürü dağıtdı.

Qabil Hüseynli həmin modernləşməni daha detallı təsvir edir. O bildirir ki, “Aprel döyüşlərinə qədər Azərbaycanda genişmiqyaslı ordu quruculuğu prosesi həyata keçirilirdi. Müxtəlif ölkələrdən müasir silah və texnologiyalar alınır, eyni zamanda orduda sistemli islahatlar aparılırdı”.

Professor qeyd edir ki, “Həmin dövrdə yaylım atəşli silah sistemləri, o cümlədən LORA tipli raketlər və digər müasir texnologiyalar Azərbaycan Ordusunun arsenalında yer almağa başlamışdı. Bununla yanaşı, yerli hərbi sənaye də inkişaf etdirilir, piyadaların döyüş maşınları və digər texnikalar ordunun istifadəsinə verilirdi”.

Bu faktlar ordunun yalnız nəzəri deyil, texniki baxımdan da yeni mərhələyə keçdiyini göstərir.

Texnologiya, taktika və real döyüş təcrübəsi

Aprel döyüşlərinin mühüm cəhətlərindən biri də yeni texnologiyaların real döyüş şəraitində sınaqdan çıxarılması idi. Şair Ramaldanov bildirir ki, “Döyüşlər zamanı yeni alınmış silah və texnikanın effektivliyi praktiki olaraq yoxlanılıb, hansı vasitələrin özünü doğrultduğu və hansı texnologiyaların daha üstün olduğu müəyyən edilib”.

Onun fikrincə, bunun nəticəsində “Azərbaycan Ordusu silahlanma siyasətində daha dəqiq prioritetlər formalaşdıraraq arsenalını daha da təkmilləşdirib”.

Bu, Aprel döyüşlərinin təkcə nəticə deyil, eyni zamanda öyrənmə mərhələsi olduğunu göstərir.

Arzu Nağıyev də bu fikri davam etdirərək bildirir ki, “Aprel döyüşləri cəmiyyətdə və orduda ruh yüksəkliyini artırıb, yeni texnologiyaların tətbiqi və kadr potensialının gücləndirilməsi Qarabağ münaqişəsinin həlli üçün real zəmin yaradıb”.

Onun sözlərinə görə, eyni zamanda “Uzun illər formalaşdırılan “dondurulmuş münaqişə” anlayışının və Ermənistan ordusu ilə bağlı miflərin dağıldığı” da məhz bu döyüşlərdə aydın göründü.

Qabil Hüseynli isə bu prosesə beynəlxalq əməkdaşlıq kontekstindən qiymət verir. O qeyd edir ki, “Bu proseslər fonunda beynəlxalq əməkdaşlıq da diqqət mərkəzində idi”.

Bu fikir göstərir ki, Azərbaycan Ordusunun hazırlığı təkcə silah alışı ilə məhdudlaşmırdı, eyni zamanda təşkilati və taktiki koordinasiya da gücləndirilirdi.

Mənəvi psixoloji yüksəliş və cəmiyyətin inamı

Aprel döyüşləri hərbi qələbə ilə yanaşı, ciddi mənəvi psixoloji dönüş də yaratdı. Şair Ramaldanov bildirir ki, “Vətən müharibəsindən sonra Aprel döyüşlərinin əhəmiyyəti daha aydın şəkildə dərk olunmağa başlanıb. Bu hadisələr yalnız hərbi uğur deyil, həm də cəmiyyət daxilində ciddi mənəvi yüksəlişə səbəb olub, orduya inamı və qələbəyə olan inancı daha da möhkəmləndirib”.

Onun sözlərinə görə, “Azərbaycan Ordusu hər zaman yüksək ruh yüksəkliyi ilə seçilib, lakin Aprel döyüşləri bu inamı real nəticələrlə daha da gücləndirib”.

Arzu Nağıyev isə bu məsələdə Azərbaycan hərbçisinin qəhrəmanlıq obrazını önə çıxarır. O qeyd edir ki, “Döyüşlər zamanı Azərbaycan hərbçiləri böyük qəhrəmanlıq nümunələri göstərib, şəhidlər və yaralılar olub. Əsgər və zabitlərin göstərdiyi şücaət xalq yaddaşında xüsusi yer tutub”.

A. Nağıyev əlavə edir ki, “Aprel döyüşləri hər il anılır, şəhidlərin xatirəsi yad edilir və bu hadisə Azərbaycan tarixində mühüm yer tutur”.

Bu yanaşma onu göstərir ki, Aprel döyüşləri ictimai yaddaşın ayrılmaz hissəsinə çevrilib.

Qabil Hüseynli isə Aprel döyüşlərində azad olunan mövqelərin mənəvi əhəmiyyətini vurğulayır. Onun sözlərinə görə, “Döyüşlər zamanı azad olunan ərazilər əvvəllər də Azərbaycan əhalisinin istifadə etdiyi torpaqlar idi və onların geri qaytarılması mənəvi baxımdan da böyük əhəmiyyət daşıyırdı”.

Bu fikir göstərir ki, burada söhbət yalnız xəritədə mövqe dəyişikliyindən yox, milli özünüdərk və mənəvi ədalət hissinin güclənməsindən gedirdi.

Türkiyə ilə hərbi əməkdaşlıq və beynəlxalq ölçü

Şair Ramaldanov Aprel döyüşləri kontekstində Türkiyə ilə hərbi əməkdaşlığın rolunu ayrıca qeyd edir. Onun sözlərinə görə, “Azərbaycan Ordusunun inkişafında Türkiyə ilə hərbi əməkdaşlıq mühüm rol oynayıb”.

Ramaldanov xatırladır ki, Türkiyə “NATO-nun ən güclü ordularından biridir və “Bir millət, iki dövlət prinsipi çərçivəsində bu əməkdaşlıq hərbi sahədə də özünü göstərib”. O əlavə edir ki, “Azərbaycan zabitləri Türkiyənin hərbi məktəblərində təhsil alaraq ölkəyə qayıtdıqdan sonra ordunun inkişafında fəal iştirak ediblər. Eyni zamanda Türkiyə mütəxəssisləri də Azərbaycan Ordusunun formalaşmasına mühüm töhfə veriblər”.

Onun fikrincə, bu gün Azərbaycan Ordusu Türkiyə ordusu ilə bərabər səviyyədə birgə fəaliyyət göstərə biləcək potensiala malikdir”.

Qabil Hüseynli isə Ermənistanın döyüşlər fonunda yaşadığı təşvişi qeyd edir. Onun sözlərinə görə, “Bu proseslər Ermənistan tərəfində ciddi təşviş yaratdı. Rəsmi İrəvan beynəlxalq müdaxiləyə nail olmaq üçün müxtəlif çağırışlar edir, döyüşlərin dayandırılmasına çalışırdı və məsələ yüksək siyasi səviyyədə müzakirə olunurdu”.

Bu yanaşma Aprel döyüşlərinin yalnız lokal deyil, regional və siyasi çəkisinin də yüksək olduğunu sübut edir.

Vətən müharibəsinə aparan yolun başlanğıcı

Aprel döyüşlərinin ən mühüm tarixi nəticəsi ondan ibarət idi ki, bu hadisə sonrakı böyük zəfərin başlanğıcı kimi yadda qaldı.

Şair Ramaldanov qeyd edir ki, “Dörd günlük Aprel müharibəsi gələcək böyük Zəfərin anonsu kimi qiymətləndirilə bilər”. O bildirir ki, “2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun döyüş qabiliyyətini, peşəkarlığını və texnoloji üstünlüyünü nümayiş etdirib. Bu prosesin məntiqi davamı olaraq, 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı Azərbaycan Ordusu cəmi 44 gün ərzində işğalçı qüvvələri darmadağın edərək ölkənin ərazi bütövlüyünü bərpa edib”. Ramaldanov əlavə edir ki, “Sonrakı mərhələdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam şəkildə təmin olunub”.

Arzu Nağıyevin fikrincə, “Aprel döyüşləri 2020-ci il Vətən müharibəsinin bir növ hazırlıq mərhələsi kimi qiymətləndirilə bilər”. O vurğulayır ki, “Bu döyüşlər zamanı əldə olunan təcrübə, yeni taktika və texnologiyaların tətbiqi, həmçinin, cəmiyyətin qələbəyə inamının güclənməsi sonrakı hərbi əməliyyatlara ciddi təsir göstərib”. Nağıyevin başqa mühüm fikri budur ki, “Bu döyüşlər həm dost, həm də düşmən üçün mühüm mesaj idi və Azərbaycan xalqının qələbə əzmini nümayiş etdirdi”.

Qabil Hüseynli də bu fikri tamamlayaraq bildirir ki, “Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, hazırlıq səviyyəsini və müasir döyüş qabiliyyətini nümayiş etdirən mühüm mərhələ oldu və sonrakı proseslər üçün ciddi zəmin formalaşdırdı”.

Ekspertlərin ümumi fikirlərindən çıxan məntiqi nəticə budur ki, Aprel döyüşləri yekun yox, məhz başlanğıc idi. Aprel müharibəsi Azərbaycanın müasir tarixində çoxqatlı məna daşıyan hadisədir. Bu döyüşlər bir tərəfdən ordunun real gücünü üzə çıxardı, digər tərəfdən Prezident İlham Əliyevin siyasi qətiyyətini nümayiş etdirdi, eyni zamanda cəmiyyətdə qələbəyə inamı möhkəmləndirdi. Aprel döyüşləri sübut etdi ki, Azərbaycan uzun illərdir, davam edən “status-kvo”nu qəbul etməyəcək.

Belə də oldu. Azərbaycan Respublikası həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan yeni mərhələyə keçid etdi, böyük Zəfər qazandı, ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi. Aprel döyüşləri bu böyük Zəfərin baş məşqi idi.

Faiq Mahmudov Aprel döyüşləri Azərbaycan Ordusu Vətən müharibəsi hərbi islahatlar strateji dönüş Lələtəpə hərbi üstünlük milli ruh Qarabağ münaqişəsi geosiyasi əhəmiyyət

Xəbər Lenti