Bazar ertəsi, 13 Aprel, 2026
Tarix: 13 Apr 2026 16:15
2025-ci ilin sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) listinqdə olan səhmlərinin dəyəri 16,5 mlrd. dollar təşkil edib.
Bu barədə “APA-Economics”in sorğusuna əsasən ARDNF-dən bildirilib.
Dövlət Neft Fondunun səhmlərinə ən çox yatırım etdiyi TOP-10 şirkətlərə yenə qlobal informasiya texnologiya şirkətləri başçılıq edib.
NVIDIA səhm portfelində yenə liderdir
2023-cü ilin ilk yarısından etibarən ABŞ-ın ən iri çip istehsalçısı “NVIDIA”nın Fondun portfelində payı artmağa başlayıb. Fondun qlobal şirkətdəki səhmlərinin dəyəri 2024-cü ildəki 557 mln. dollardan ötən il 785 mln. dollara yüksəlib. Yəni, “NVIDIA”ya yatırımlar bir ildə 228 mln. dollar artıb. İT nəhənginin Fondun səhm portfelində payı 5,5%-dən 5,4%-ə ensə də, növbəti dəfə siyahıda liderliyini qoruyub.
“Microsoft”da aktivlər 600 mln., “Apple”də isə 700 mln. dollara yaxınlaşıb
ARDNF-in “Apple Inc”ə yatırımları ötən bir ildə 645 mln. dollardan 699 mln. dollara qədər artıb. Başqa sözlə, “Apple Inc”ə yatırımların dəyəri 8,4% və ya 44 mln. dollar artıb.
Fondun “Microsoft”a yatırımlarının dəyəri bir ildə 17,5% və ya 88 mln. dollar artaraq 592 mln. dollara yüksəlib. 2024-cü ildə bu rəqəm 504 mln. dollar təşkil etmişdi. Şirkətin səhm portfelində payı isə əksinə, 4,3%-dən 4,1%-ə enib.
Artım dinamikası “Amazon”a aid səhmlərin dəyərində də müşahidə edilib. Son bir ildə ARDNF-in şirkətdəki aktivləri 351 mln. dollardan 384 mln. dollara yüksəlib. Həmçinin, Fondun səhm portfelində “Amazon”un payı 2,7% təşkil edib.
“Google” ilk beşlikdə
“Google”a aid iki şirkət üzrə Fondun aktivləri bir ildə 230 mln. dollar artıb.
Sözügedən şirkətlər üzrə aktivlərin dəyəri müvafiq olaraq 188 mln. dollardan 315 mln. dollara və 163 mln. dollardan 266 mln. dollara yüksəlib.
Qlobal texnologiya liderlərindən biri olan “Broadcom Inc” üzrə aktivlər isə bir ildə 95 mln. dollar artaraq 269 mln. dollara çatıb.
ARDNF Mark Zukerberqin şirkətində də aktivlərini artırıb
2024-cü ildə ən çox yatırım edilən şirkətlərin ilk beşliyinə daxil olan Mark Zukerberqin şirkəti ötən il geriləyərək 8-ci yerə düşüb. Bununla belə, “Meta Platforms”ın səhmlərinə ARDNF-nin yatırımları 14,3% artaraq 217 mln. dollardan 248 mln. dollara yüksəlib. Portfeldə çəkisi isə 1,7% təşkil edib.
“Tesla”ya yatırımlar 220 mln. dolları ötüb
ARDNF-nin “Tesla”ya yatırımları 197 mln. dollardan 220 mln. dollara yüksəlib.
Eyni zamanda, 2024-cü ildən TOP-10-a daxil olan maliyyə nəhəngi “JP Morgan Chase & Co”ya yatırımlar 116 mln. dollardan 154 mln. dollara qədər artıb. Şirkətin səhm portfelində çəkisi 1%-dən 1,1%-ə yüksəlib.
TOP-10 qlobal nəhənglər üzrə aktivlər 1 ildə 1 mlrd. dollar artıb
Qeyd edək ki, ARDNF-nin TOP-10 qlobal nəhənglərin səhmlərinə yatırımları 2025-ci ildə 3 mlrd. 932 mln. dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34% və ya 994 mln. dollar çoxdur.
2024-cü ildə bu rəqəm 2 mlrd. 938 mln. dollar olub.
Xatırladaq ki, bu portfel Dövlət Neft Fondunun “MSCI World” indeksi üzrə kotirovka olunan səhm investisiyalarını əhatə edir. Fondun “MSCI Europe ex UK” indeksini izləyən portfeli və nağd vəsaitlərinin həcmi isə 2025-ci ildə 100 mln. dollar artaraq 2 mlrd. dollara çatıb.
Rahim Tarıverdiyev ARDNF Neft Fondu yatırım İT nəhəngləri qlobal şirkətlər NVIDIA Apple