Ötən il BOKT-lərin aktivləri artıb, mənfəəti isə azalıb

Tarix: 14 Apr 2026 10:06

2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) cəmi aktivləri il ərzində 25% (250 mln. manat) artaraq 1.24 mlrd. manat təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Maliyyə Hesabatı"nda bildirilib.

Hesabata əsasən, artımın əsas payçısı xalis kredit portfeli olub. Belə ki, il ərzində xalis kredit portfeli 28.8% (206 mln. manat) artıb. BOKT-lərin cəmi öhdəlikləri isə il ərzində 26.5% (142.4 mln. manat) artaraq 679 mln. manat təşkil edib. Rezident maliyyə institutlarından cəlb edilmiş vəsaitlər ümumi öhdəliklərin artmasına əsas təsir edən amillərdən biri olub.

Bunun əksinə, dövr ərzində BOKT sektorunun mənfəətində azalma müşahidə olunub. Bunun səbəblərindən biri BOKT-lərin ötən il kredit itkiləri üzrə ehtiyat ayırmalarını artırması olub.

Belə ki, ötən ilin sonu ilə müqayisədə 2025-ci ildə BOKT-lərin xalis mənfəəti 29% (45.5 mln. manat) azalaraq 111.5 mln. manat olmuşdur. Aktivlərin gəlirliliyi (ROA) göstəricisi 6.8 faiz bəndi azalaraq 9%, kapitalın gəlirliliyi (ROE) göstəricisi isə 14.7 faiz bəndi azalaraq 19.8% olub. Növbəti illərdə isə ehtiyatlanmanın BOKT-lərin maliyyə nəticələrinə təsirinin azalması nəticəsində mənfəətlilik göstəricilərinin müsbət dinamikasının bərpa olunması gözlənilir.

İlahə Səlimova bank olmayan kredit təşkilatları BOKT aktivlər öhdəliklər. mənfəət

Xəbər Lenti