Hindistanın siqh diasporuna qarşı transmilli repressiyası ilə bağlı hesabat hazırlanıb

Tarix: 23 Apr 2026 12:20

Bakı Təşəbbüs Qrupu (BTQ) və Beynəlxalq Siqh Federasiyası tərəfindən “Sərhədlərdən kənarda: Hindistanın Siqh diasporuna qarşı transmilli repressiyası” adlı birgə hesabat hazırlanıb.

BTQ-dən APA-ya verilən xəbərə görə, hesabat Hindistan hökumətinin xaricdə yaşayan siqh fəalları, siyasi mühacirlər, diaspor təşkilatlarının rəhbərləri və üzvlərinə qarşı həyata keçirdiyi təzyiq, izləmə, təhdid və zorakı fəaliyyətləri barədə geniş materialları özündə birləşdirən sənəddir.

Sənədin əsas məqsədi Hindistan hökumətinin müxtəlif aktorlar vasitəsilə ölkə sərhədlərindən kənar siqh siyasi fəallarını susdurmaq üçün istifadə etdiyi metodları sistemləşdirmək və bu fəaliyyətlərin beynəlxalq hüquq, insan hüquqları və bu əməllərin törədildiyi ölkələrin o cümlədən, ABŞ, Kanada və digərlərinin suverenliyinin pozulması baxımından yaratdığı təhlükələri ortaya qoymaqdır.

Hesabatda Hindistan hökumətinin siqh siyasi fəallığını hədəf almasının müasir tarixinə və siyasi fonuna da yer verilir. Bu xüsusda qeyd olunur ki, Hindistan hakimiyyəti 1986-cı ildə müstəqil Siqh dövlətinin yaradılması ilə bağlı tələblərə dialoq vasitəsilə deyil, güc tətbiqi, kütləvi təqiblər, sui-qəsdlər, işgəncə və əsassız həbslərlə cavab verib. Bu repressiv siyasət nəticəsində siqh siyasi fəallığı ölkə daxilində sıxışdırılaraq iflic vəziyyətinə salınıblar. Bunun nəticəsində siqh fəalları ABŞ, Kanada, Avstraliya və digər ölkələrdə siyasi sığınacaq axtarmağa məcbur olublar. Lakin Hindistan hökumətinin məqsədyönlü siyasətinin məcbur etdiyi bu qaçılmaz addım belə onları təhlükədən qoruya bilməyib. Həmin şəxslər və onların ailə üzvləri bu gün də xaricdə təqib və təhdidə məruz qalmaqdadır.

Belə ki, Hindistan hökuməti transmilli repressiyalara keçərək, digər ölkələrdə yaşayan siqh fəallarına və onların ailə üzvlərinə qarşı fiziki zorakılıq, sui-qəsd cəhdləri, izləmə, şantaj, təqib, ekstradisiya mexanizmlərindən sui-istifadə, “ekstremizm” və “terrorçuluq” ittihamlarının siyasi alətə çevrilməsi, pasport və konsulluq xidmətlərinin məhdudlaşdırılması kimi ardıcıl və çoxşaxəli təzyiq siyasətinə keçib.

Vurğulanmalıdır ki, bir sıra ölkələrin məhkəmə materialları, hökumət açıqlamaları və rəsmi araşdırmalar Hindistan hökumətinin siqh dissidentləri və icma liderlərinə qarşı təhdid, məcburetmə və zorakılıq tətbiq etdiyini təsdiqləyir. Hindistanın dövlət strukturları tərəfindən həyata keçirilən gizli əməliyyatlar, agentlərdən istifadə, mütəşəkkil cinayət şəbəkələri ilə əlaqələr, siyasi və hüquqi manipulyasiya cəhdləri, eləcə də diaspor mühitində qorxu atmosferinin yaradılması bu siyasətin əsas elementləridir. Siqh fəallarının yaşadığı ölkələrin bir çox hallarda gec reaksiya verməsi isə hədəf alınan icmaların daha həssas və təhlükəli vəziyyətdə qalmasına səbəb olub.

Kanada təqdim edilmiş hesabatda transmilli repressiyanın ən aydın və ən ciddi qeydə alındığı əsas ölkələrdən biri kimi təqdim olunur. Hindistanın diplomatik və kəşfiyyat strukturları Kanadada yalnız media və siyasi proseslərə təsir göstərməyə deyil, həm də siqh siyasi fəallarını “ekstremizmə qarşı mübarizə” adı altında məsuliyyətə cəlb etməyə çalışıblar. Hesabatda Hindistan hökumətinin Kanada parlamentinə, siyasi liderlərə və ictimai rəyə təsir göstərmək cəhdlərindən, həmçinin siqh fəalları ilə bağlı məlumatların toplanaraq onları hədəfə almaq üçün istifadəsindən bəhs olunur. Xüsusilə qeyd edilir ki, 2022-ci ildən etibarən Kanada təhlükəsizlik orqanları bir sıra siqh fəallarına, o cümlədən Hardip Sinq Nijjara qarşı ölüm təhlükəsinin mövcudluğu barədə xəbərdarlıqlar edib. Eyni zamanda, 2024-cü ilin oktyabrında Hindistan diplomatlarının siqhlərə qarşı Kanadada zorakılıq dalğasının təşkili ilə əlaqəli olduğu, bu fəaliyyətlərin qorxu yaratmaq və siyasi təzyiq formalaşdırmaq məqsədi daşıdığı müəyyən edilib.

Hindistan hökumətinin məqsədyönlü siyasətinin sərhədsiz olmasının ən bariz göstəricisi Hardip Sinq Nijjarın qətli ilə bağlıdır. Nijjar Hindistanda təqiblərə məruz qaldıqdan sonra Kanadaya mühacirət edib uzun illər siqh hüquqları və müstəqil Siqh dövləti ideyasının müdafiəsi ilə məşğul olub. Ona qarşı illər boyu təhdidlər səsləndirilib, ekstradisiyası istiqamətində cəhdlər göstərilib. O, hətta Hindistan hökuməti tərəfindən terrorist elan edilib. Halbuki ki, Nijjar heç vaxt hər hansı ölkədə cinayətə görə məhkum edilməyib. O, 18 iyun 2023-cü ildə Kanadada qətlə yetirilib. Kanadanın Baş naziri Castin Trüdo elə həmin ilin sentyabrın 18-də bu qətlin Hindistan hökuməti tərəfindən sifariş edildiyini bəyan edib. Beləliklə, bu hadisə Hindistanın transmilli repressiya siyasətinin ən ağır təzahürlərindən biri olaraq tarixə keçib.

Bundan ziyadə, Hindistan Şimali Amerikadakı diplomatik və kəşfiyyat imkanlarını siqh diasporuna qarşı fəaliyyətlərin genişləndirilməsi üçün istifadə edib. 2023-cü ilin aprelində Hindistan Xarici İşlər Nazirliyinin Şimali Amerikadakı konsulluqları arasında məxfi qrifi ilə yayılmış sənəd siqh təşkilatlarına qarşı “koordinasiyalı təzyiq mexanizmi”nin qurulmasını nəzərdə tuturdu. Həmin sənəddə diplomatların Hindistanın təhlükəsizlik və kəşfiyyat qurumları ilə sıx əməkdaşlığı və diaspora daxilində onlara qarşı fəaliyyətlərin təşkili məqsədilə insan resurslarının səfərbər edilməsi kimi məqamların əks olunub. Bu, siqh fəallarının hədəfə alınmasının ayrı-ayrı şəxslərin təşəbbüsü deyil, dövlət siyasətinin elementi olduğunu göstərən mühüm göstəricilərdən biridir.

Digər tərəfdən, Gurpatvant Sinq Pannuna qarşı sui-qəsd cəhdi xüsusilə qeyd edilən mövzular arasındadır. ABŞ Ədliyyə Nazirliyinin açıqladığı məlumatlara əsasən, Hindistan vətəndaşı Nikhil Gupta Gurpatvant Sinq Pannunun öldürülməsinə yönəlmiş plan çərçivəsində ittiham olunub və 13 fevral 2026-cı ildə ona qarşı irəli sürülən ağır ittihamları qəbul edib. Bu plan Hindistan təhlükəsizlik və kəşfiyyat strukturları ilə əlaqəli Vikaş Yadav tərəfindən koordinasiya olunub. Bununla yanaşı Kanadada da bir neçə aktiv hədəfin olduğu bildirilib. Hadisə təkcə bir şəxslə bağlı fərdi cinayət işi deyil, Hindistanla əlaqəli transmilli sui-qəsd əməliyyatlarının tərkib hissəsi kimi qiymətləndirilir.

Birləşmiş Krallıqla bağlı bölmədə Hindistanın siqh dissidentlərinə qarşı təqib metodlarının daha çox ailə üzvlərinə təzyiq, hüquqi mexanizmlərdən sui-istifadə və ictimai etirazları sonradan kriminal hadisə kimi təqdim etmə cəhdləri ilə müşayiət olunduğu qeyd edilir. 2023-cü ilin martında Londonda Hindistanın Ali Komissarlığı qarşısında keçirilmiş etirazlardan sonra Hindistan hakimiyyəti Birləşmiş Krallıqda yaşayan bir sıra siqh fəallarına qarşı açıq təhdid ritorikasına keçib, ardınca isə Hindistanda onların ailə üzvlərinə qarşı reydlər həyata keçirib. Həmçinin, Birləşmiş Krallığın vətəndaşı İnderpal Sinq Gabanın Hindistanda saxlanılması, ona qarşı məhkəmə işinin açılması hüquqi proseslərin siyasi məqsədlərlə istifadəsinin nümunəsi kimi göstərilir.

Almaniya da Hindistan hökumətinin transmilli repressiyalarının geniş vüsət aldığı ölkələr sırasındadır. Bu çərçivədə, Hindistan kəşfiyyatı ilə əlaqəli şəxslərin Avropada siqh siyasi fəalları barədə məlumat toplaması və bu məlumatların Hindistan tərəfinə ötürülməsi kimi hallar qeydə alınmışdır. Məhz Hindistan tərəfinə çalışan həmin şəxslərin saxlanılması bu faktların üzə çıxmasına şərait yaradıb. Bu faktlar Hindistanın diaspor fəallığını izləmək və nəzarətdə saxlamaq üçün Avropada da şəbəkələşmiş fəaliyyət göstərdiyini nümayiş etdirir. Beləliklə, transmilli repressiya yalnız Şimali Amerika ilə məhdudlaşmır, Avropa ölkələrini də əhatə edən daha geniş coğrafi miqyasa malikdir.

Bununla yanaşı, hesabatda toplanmış faktlar Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 6, 9(1), 14, 17, 18, 19 və 27-ci maddələri daxil olmaqla bir sıra beynəlxalq hüquq normalarının pozuntularını gündəmə gətirir. Söhbət yaşamaq hüququnun, şəxsi azadlıq və toxunulmazlıq hüququnun, ədalətli məhkəmə araşdırması hüququnun, şəxsi həyata əsassız müdaxilədən müdafiənin, ifadə, birləşmə və dinc toplaşma azadlıqlarının, habelə etnik azlıqların hüquqlarının pozulmasından gedir. Dövlət aktorlarının və ya onların vasitəçilərinin başqa dövlətin ərazisində hərəkət etməsi həm beynəlxalq məsuliyyət, həm də fəalların yaşadığı ölkənin daxili cinayət hüququ baxımından ciddi pozuntudur.

Hindistan öz daxili qanunvericiliyini də siqh fəallarını təqib etmək üçün uyğunlaşdırıb. Burada söhbət “qanunsuz fəaliyyətlərin qarşısının alınması” haqqında qanunda gedir. BMT ekspertləri bu qanunvericiliyin çox geniş və qeyri-müəyyən “terrorçuluq” anlayışı əsasında siyasi fəalları hədəfə almağa imkan verdiyini, “terrorist” kimi tanınma üçün sübut əvəzinə hökumətin subyektiv qənaətinin kifayət etməsini ciddi problem kimi qiymətləndirirlər.

Ümumilikdə, siqh diasporuna qarşı həyata keçirilən transmilli repressiya Hindistan hökumətinin təkcə ayrı-ayrı fəalları hədəfə alan siyasəti deyil, həm də beynəlxalq hüququn fundamental prinsiplərinə açıq meydan oxumasıdır. Bu siyasət siyasi mühacirlərin təhlükəsizliyinin pozulması və demokratik cəmiyyətlərdə sərbəst siyasi fəaliyyət üçün zəruri olan təminatların sistemli şəkildə sarsıdılmasıdır. Hindistan hakimiyyətinin bu cür fəaliyyətləri siqh diaspor icmaları daxilində qorxu və narahatlılığı dərinləşdirir, onların təşkilatlanma imkanlarını zəiflədir və beynəlxalq platformalarda sərbəst iştirakını məhdudlaşdırır. Sözügedən hallar Hindistan hökumətinin insan hüquqlarını və beynəlxalq hüquqi nizamı zəiflədən, qlobal təhlükəsizlik üçün risk yaradan sistemli təzyiq siyasətinin təzahürüdür.

siqh repressiya BTQ Bakı Təşəbbüs Qrupu Hindistan Kanada diaspor

Xəbər Lenti