Cümə, 15 May, 2026
Tarix: 15 May 2026 12:33
Azərbaycan Qərblə Şərqi birləşdirən əsas oyunçulardan biridir.
APA-nın Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstan Sosial İnkişaf İnstitutunun İnstitusional Təhlil və İslahat Mərkəzinin direktoru Rizzat Tasım bildirib.
Rizzat Tasım deyib ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin malik olduğu tarixi, mənəvi və mədəni potensialın artıq daha praktik müstəviyə keçirilməsi vaxtı çatıb: “Bunun üçün ciddi əsaslar var. Məsələn, Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin yekunlarına əsasən, TDT-yə üzv ölkələrinin ÜDM-i təxminən 3 trilyon dollara çatıb. Bu isə dünya ÜDM-inin 2 faizini təşkil edir. Bundan başqa, cəmi on il əvvəl heç kim Orta Dəhlizə ciddi yanaşmırdı. Lakin son bir neçə ildə xarici marşrutlardakı qeyri-sabitlik səbəbindən Orta Dəhliz üzrə yük dövriyyəsi beş dəfə artıb və Qazaxıstan, Azərbaycan və Türkiyə arasında qarşılıqlı anlaşma bu nəqliyyat zəncirinin intensiv inkişafına töhfə verir”.
Türküstan Sammitində rəqəmsallaşma gündəmi
“Bundan əlavə, TDT-nin Türküstan Sammitinin gündəliyində innovasiya və rəqəmsallaşma məsələləri də yer alır. Həqiqətən də bu sahə iştirakçı ölkələrə qısa müddətdə maksimum fayda verə bilər. Çünki bu istiqamət hazırda mövcud olan institusional və texniki maneələrin azalmasına xidmət edir. Məsələn, bu, gömrük bəyannamələri və gömrükdə bürokratik prosedurların azaldılması məsələlərini əhatə edir. Bu, həmçinin TDT ölkələri ərazisindən keçən marşrut üzrə yük dövriyyəsinin təhlükəsizliyinin təmin edilməsidir. Burada əsas həll yolu informasiya bazalarının inteqrasiyasıdır. Bu, məlumatların təhlili və ticarət dövriyyəsi üzrə vahid standartların yaradılması deməkdir. Bundan başqa, maliyyə rəqəmsal alətlərinin tətbiqi ölkələr arasında ticarət dövriyyəsinin sürətlənməsinə və yaxşılaşmasına xidmət edir. Əgər mədəni və mənəvi baxımdan artıq mövcud olan baza iqtisadi əsaslarla möhkəmləndirilərsə, o zaman nəzərə alsaq ki, dünya hazırda siyasi və iqtisadi platformaların yenidən bölüşdürülməsi və yenidən qurulması dövrünə daxil olub, TDT artıq ciddi sistem formalaşdıran platforma kimi qiymətləndirilə bilər”.
Orta Dəhliz strateji əhəmiyyət qazanır
Politoloq qeyd edib ki, uzun müddət ticarət yollarının və formalaşmış logistika marşrutlarının şaxələndirilməsinə marağın olmamasını nəzərə almaq lazımdır: “Bu səbəbdən dünya və bütövlükdə regionumuz qeyri-sabit vəziyyətlə üzləşəndə hamımız bunun nəticələrini hiss etdik. İndi isə həm Azərbaycanda, həm də Qazaxıstanda belə bir dərin anlayış formalaşıb ki, məhz öz marşrutlarımızın inkişafı və möhkəmləndirilməsi strateji əhəmiyyət daşıyır. Məsələn, bu həm Transxəzər marşrutunun Orta Dəhlizlə əlaqələndirilməsidir, həm də Qazaxıstan və Azərbaycan arasında Xəzərin dibi ilə internet kabelinin çəkilməsi layihəsidir. Bunlar milli dayanıqlığı gücləndirən mexanizmlərdir”.
Azərbaycan TDT məkanında inteqrasiyanı gücləndirir
“Bundan əlavə, təkcə siyasi yaxınlaşma deyil, vətəndaş cəmiyyəti səviyyəsində də inteqrasiya gedir. Məsələn, ötən il Azərbaycan TDT ölkələrinin vətəndaş cəmiyyəti sektorunun ilk sammitini keçirdi. Bu il həmin tədbir artıq ikinci dəfə təşkil olunacaq. Bu nəyi göstərir? Bu onu göstərir ki, yaxınlaşma təkcə institusional mexanizmlər səviyyəsində deyil, həm də vətəndaş cəmiyyəti səviyyəsində baş verir. Məhz bu sinerji gələcəkdə bu prosesləri hərəkətə gətirəcək lazımi dinamikanı təmin edə bilər”.
TDT İnvestisiya Fondu yeni layihələrə yönələcək
“TDT çərçivəsində uzun müzakirələrdən sonra nəhayət, İnvestisiya Fondu da yaradıldı və onun ümumi kapitalı təxminən 600 milyon dollar təşkil edir. Hazırda əsas məsələ bu vəsaitlərin hansı birgə layihələrə yönəldiləcəyidir. Rəqəmsallaşma məsələsi vəsaitlərin bölgüsündə prioritet istiqamətlərdən biri olacaq. Burada Azərbaycan həqiqətən də Qərblə Şərqi birləşdirən əsas oyunçulardan biridir. Bu funksiyanı yüksək səviyyədə həm Azərbaycan, həm Türkiyə, həm də Qazaxıstan yerinə yetirir. Hazırda biz elə bir mərhələdəyik ki, iştirakçı ölkələr nəyi və necə qurmaq lazım olduğunu dəqiq anlayırlar. Əsas məqam da məhz budur. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, türk dövlətləri Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bu emosional və siyasi iradə iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə əlavə təkan verəcək”.
Hərbi-texniki əməkdaşlıq genişlənə bilər
Rizzat Tasım qeyd edib ki, TDT-yə üzv dövlətlər həm daxili silah istehsalı, həm də hərbi təcrübə baxımından ciddi təcrübə toplayıblar və burada təcrübə mübadiləsi üçün platforma mövcuddur: “Məsələn, Azərbaycan Qazaxıstan üçün hərbi-texniki sahədə çox şey verə bilər. Çünki Azərbaycanın real döyüş əməliyyatları təcrübəsi var. Bu isə ordunun döyüş hazırlığı baxımından xüsusi əhəmiyyət daşıyır. Yaxın perspektivdə TDT ölkələri arasında hərbi-texniki əməkdaşlığın daha da güclənəcəyi, birgə təlimlərin keçiriləcəyi ehtimal olunur.”
Ramiz Mikayıloğlu