Bazar ertəsi, 1 İyun, 2026
Tarix: 01 Jun 2026 16:59
Hindistanın Bakıdakı səfirliyində Hindistan və Azərbaycan arasında ədəbi və mədəni əlaqələrin inkişafına xidmət edəcək Taqor–Nizami Kitabxanasının yaradılması planlaşdırılır.
Hindistanın Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, bu barədə səfir Abhay Kumar deyib.
Səfir Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət etdikdən sonra Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyevlə görüşüb. Görüşdə yeni kitabxana təşəbbüsünün iki ölkə arasında mədəni və ədəbi mübadiləni təşviq etmək məqsədi daşıdığı bildirilib.
Səfirin Gəncə, Göygöl və Şəmkir rayonlarını əhatə edən səfəri Azərbaycanın tarixi, mədəni və təbii irsi ilə tanışlığa həsr olunub.
Gəncədə Abhay Kumar həmçinin “Nizami Gəncəvi: Sələflər və Xələflər” parkını ziyarət edib. Parkda Nizami Gəncəvi və bölgənin digər görkəmli şair, alim və mütəfəkkirlərinin abidələri yerləşir və Azərbaycanın zəngin intellektual irsini əks etdirir.
Göygöldə səfir Göygöl Milli Parkının rəhbərliyi ilə görüşərək bölgənin biomüxtəlifliyi və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən layihələr barədə məlumat alıb. O, həmçinin Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Göygöl Mədəniyyət Mərkəzində olub, rayonun tarixi və mədəni irsi ilə tanış olub.
Səfər çərçivəsində Şəmkirə də baş çəkən diplomat tarixi Şəmkir qalasını ziyarət edib. Erkən orta əsrlərdən XIII əsrə qədər mühüm şəhər mərkəzlərindən biri olmuş qala Azərbaycanın orta əsr şəhərsalma ənənələri barədə mühüm məlumatlar təqdim edir.
Abhay Kumar Şəmkir Tarix-Diyarşünaslıq Muzeyində də olub. Muzeydə nümayiş etdirilən 5800-dən çox eksponat arasında neolit dövrünə aid arxeoloji tapıntılar, qədim məişət əşyaları, sikkələr, musiqi alətləri və milli geyim nümunələri yer alır.
Hindistan səfirliyinin məlumatına görə, səfər Azərbaycanın qərb bölgələrinin zəngin mədəni, tarixi və təbii irsini daha yaxından öyrənmək, eyni zamanda Hindistan və Azərbaycan arasında mədəni əlaqələrin və xalqlararası münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyıb.
Faiq Mahmudov Hindistan Azərbaycan Abhay Kumar Taqor–Nizami Kitabxanası Nizami Gəncəvi mədəni əməkdaşlıq Gəncə Göygöl Şəmkir ədəbi mübadilə

Mənbə: apa.az