Çərşənbə, 3 İyun, 2026
Tarix: 03 Jun 2026 12:56
Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir.
Nazirlikdən APA-ya verilən məlumata görə, birgə fəaliyyət universitetlərin müəllim, tələbə və inzibati heyətinin müasir rəqəmsal alətlərə çıxış imkanlarının genişləndirilməsinə, tədris və idarəetmə prosesində rəqəmsal həllərin tətbiqinə xidmət edir.
Bildirilib ki, mərkəzləşdirilmiş yanaşma çərçivəsində ümumilikdə 20 ali təhsil müəssisəsinin lisenziyalı “Microsoft” alətləri ilə təmin olunması nəzərdə tutulur: "Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Qarabağ Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Mingəçevir Dövlət Universitetində bütün texniki və təşkilati işlər tamamlanıb, “Microsoft” həlləri istifadəyə verilib. Digər ali təhsil müəssisələrində isə qoşulma prosesi mərhələli şəkildə davam etdirilir.
“Microsoft” platformasında təqdim olunan süni intellekt əsaslı həllər, xüsusilə “Copilot” aləti müəllimlərə dərs planlarının hazırlanması, tədris materiallarının yaradılması, qiymətləndirmə və digər akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün əlavə imkanlar yaradır. Süni intellekt alətlərinin tətbiqi müəllimlərin iş yükünün optimallaşdırılmasına və tədris prosesinin keyfiyyətinin artırılmasına töhfə verir".
Qeyd edilib ki, Elm və Təhsil Nazirliyi ilə "Microsoft" arasında həyata keçirilən bu proqram ali təhsil sistemində rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovativ texnologiyaların tədris mühitinə inteqrasiyası və rəqəmsal bacarıqlara malik insan kapitalının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Günay Elşən ETN universitet "Microsoft" rəqəmsalMənbə: apa.az