16 yaşından kiçik uşaqların sosial mediadan istifadəsinin qarşısını almaq niyə vacibdir? – ARAŞDIRMA

16 yaşından kiçik uşaqların sosial mediadan istifadəsinin qarşısını almaq niyə vacibdir? – ARAŞDIRMA

Tarix: 08 Jun 2026 16:37

2010-cu illərdən araşdırılmağa başlayan sosial medianın gənclər və özəlliklə uşaqlar üzərində təsiri mövzusu 2023-2024-cü illərdən etibarən daha da aktuallaşmış, artıq dövlətlər tərəfindən qanunvericilik müzakirələri səviyyəsinə yüksəlmişdir. 2025-ci ildə ilk dəfə Avstraliyada sosial mediadan 16 yaşından aşağı uşaqların istifadəsinə gətirilən qadağa dünyada bir növü dalğanın başlanmasına səbəb olmuşdur.

Sosial medianın uşaqların davranışlarına təsiri

Sosial mediadan uşaqların istifadəsi onlarda bir sıra davranış pozğunluqlarına gətirib çıxara bilir. Belə ki, durmadan bildiriş gözləmək və diqqət pozğunluğunun yaranması, gec saatlara qədər sosial media istifadəsi, özəlliklə qız uşaqları arasında yayılan öz görüntüsü ilə özünü sübut etmə və.s meyllər bunlara misal ola bilər. Eyni zamanda sosial mediada son vaxtlar yayılmış təhlükəli qlobal trendlər, “challenge” tipli təşviqlər uşaqların hətta fiziki olaraq zərər görməsinə də gətirib çıxara bilir. Bu səbəbdən sosial media üzərində müəyyən moderasiyaların tətbiqi vacib xarakter daşımaqdadır.

Azərbaycanda vəziyyət: niyə məsələ daha aktualdır?

Azərbaycanda sosial media istifadəsinin gecikdirilməsi (delaying access to mainstream social media) daha da aktual və vacib xarakter daşıyır. Son statistik göstəricilərə görə ölkə əhalisinin 90%-dən çoxunun internetə çıxışı var. Bu da özlüyündə azyaşlıların internetə digər ölkələrlə müqayisədə daha çox məruz qalmasına gətirib çıxarır. Eyni zamanda ölkəmizdəki mövcud sosial və mədəni durum, xarici meyllərə məruz qalma və bundan qorunma mexanizmlərinin uşaqlar üzərində təsiri bu mövzunu daha da aktuallaşdırır. Azərbaycanda mövzu üzrə lokal statistik və davranış əsaslı araşdırmaların məhdudluğu qərarvermə prosesini çətinləşdirir.

HBSC hesabatları nə deyir?

Dünyada aktiv olaraq istifadə olunan və bir çox ölkələrin qoşulduğu HBSC (Health Behaviour in School-Aged Children – Məktəb yaşlı uşaqların sağlamlıq davranışları) hesabatında Azərbaycan ən son 2017-ci ildə iştirak etmişdir. 4 ildən bir hazırlanan bu hesabat məktəb yaşlı uşaqların sosial meylləri və onların zehni rifahı haqqında əsaslı göstəricilər təqdim edir. Bu hesabatda Azərbaycanın aktiv olaraq iştirak etməsi fokus qrupunda olan istifadəçilərin davranış modeli haqqında daha ətraflı fikir sahibi olmağa kömək edə bilər. Hələ 2017-ci ildə aparılmış sorğuya əsasən məktəb yaşlı uşaqların 24%-ə yaxını sosial medianı istifadə edə biləcəkləri sonrakı anı səbrsizliklə gözləyiblər, 17%-i isə öz hobbilərinə və idmanlarına sosial mediaya görə laqeyd yanaşıblar, 16%-i valideynləri və ya qardaş, bacıları ilə sosial media istifadəsinə görə konflikt yaşayıblar. Əlbəttə ki, son illər sosial media yaşının azalması və sosial mediadan istifadənin ciddi formada artması bu statistikaları əsaslı formada dəyişəcəkdir.

Ailə və məktəbin rolu: qadağadan daha vacib mexanizmlər Sosial medianın uşaqlar üzərindəki zərərli təsirlərinin minimallaşdırılması və bu təsirlərdən qorunmasında texniki qadağalarla yanaşı ailə və məktəb əlaqələrinin düzgün qurulması, məktəblərdə valideyn komitələrinin gündəliyinə sosial mediadakı zərərli meyllərin müzakirələrin salınması, eyni zamanda Elm və Təhsil Nazirliyi tərəfindən kompleks yanaşmaların tətbiqi üzrə bir sıra təklif və həll yollarının hazırlanması vacibdir. Valideynlər tərəfindən sosial media istifadəsinin məhdudlaşdırılması üzrə hansı addımlar atıla bilər, hansı məqamlara diqqət edilməlidir kimi mövzular geniş işlənməlidir. Valideynlər üçün cihazlardakı valideyn inzibatı(parental control) funksionallıqlarının aktivləşdirilməsi üzrə təlimlərin keçilməsi, axşam saatlarında mobil cihazdan istifadənin tamamilə məhdudlaşdırılması, onlayn mühitin bir qədər azaldılıb real dostluqlara və fiziki aktivliyə yönəldilməsi məsələləri müzakirə oluna bilər. Bununla paralel sosial medianın təsirləri barədə məktəblərdə dərs proqramlarına mövzular salına və ya məktəb psixoloqları ilə ayrıca qrup halında seanslar təşkil edilə bilər.

Dünya hansı məhdudlaşdırma modellərini tətbiq edir?

Dünya təcrübəsində də artıq bu istiqamətdə qanunvericilik düzəlişlərini görmək mümkündür. Bu düzəlişlər bir neçə istiqamətdə toplanır. Həm platformalar üzərinə öhdəliklərin qoyulması, həm yaş yoxlamalarının aparılması üçün texnologiyaların tətbiqi, həm də pozuntular nəticəsində cərimələrin nəzərdə tutulması bu istiqamətlərə misal ola bilər. Bir çox ölkələrdə artıq tətbiq edilən bu məhdudiyyətlər bir neçə formada təzahür edir.

Məsələn Avstraliya 16 yaşından aşağı uşaqların sosial mediaya girişini qadağan edir və bütün öhdəliyi sosial media platformaları üzərinə qoyur.

Avropa İttifaqı uşaqların zərərli təsirlərdən qorunması üçün ümumi yanaşmalar nəzərdə tutub, ancaq konkret bir qadağa yoxdur.

Fransa 2023-cü ildə 15 yaşdan aşağı uşaqlar üçün sosial mediadan istifadədə valideyn icazəsi nəzərdə tutan qanun layihəsini qəbul edib, ancaq bu ildən etibarən bu yaş qrupu üçün tamamilə qadağanın nəzərdə tutulduğu qanun layihəsi müzakirə olunur.

ABŞ-də yanaşma daha çox uşaqlara aid dataların toplanmasının məhdudlaşdırılması üzərinə qurulmuşdur. Ancaq bir sıra ştatlar özlərinin yerli qanunvericiliklərində müəyyən məhdudlaşdırmaları müzakirə edirlər.

Türkiyə ən sürətli formada məhdudlaşdırmanı qəbul edən ölkələrdən biridir. 15 yaşından aşağı uşaqların sosial mediaya girişinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi artıq qəbul edilib və platformalara bu qanundan irəli gələn texniki məqamları həll etmək üçün 6 ay vaxt təyin olunub. Yaş doğrulaması üçün “E-devlet” platformasından istifadə nəzərdə tutulur. Eyni zamanda öhdəlikləri yerinə yetirməyən sosial media platformaları üçün internet traffikinin məhdudlaşdırılması, daha sonra cərimələr və sonda total blok nəzərdə tutulub.

Azərbaycan üçün mərhələli keçid modeli

Azərbaycanda qanunvericilikdə düzəlişlər hazırlanarkən mövcud reallıqlar, platformalar üzərindəki təsir mexanizmləri və texniki imkanlar nəzərə alınmalıdır. Ölkəmizdə bu qadağaların birdən tətbiq olunması əvəzinə mərhələli və kompleks yanaşmanın tətbiqi daha məqsədəuyğun olacaqdır. Belə ki, ilkin mərhələdə məktəblərdə telefon istifadəsinə qadağanın gətirilməsi və eyni zamanda HBSC sorğusunun yenidən təşkil edilməsi, daha sonra yeni hesablar yaradılarkən 16 yaşdan kiçiklərin istifadəsinə imkan verilməməsinə dair mexanizmlərin tətbiqi, sonrakı mərhələdə mövcud hesablarda yaş təsdiqləmə mexanizmlərinin tətbiqi, daha sonra isə mövcud durumun dəyərləndirilməsi məqsədilə ölkə səviyyəsində hesabat hazırlanması mərhələli keçidi təmin edə bilər. Bu mərhələli yanaşma zamanı ölkə üzrə ictimai əlaqələr və kommunikasiyanın daha dərindən və geniş aparılması, medianın işə ciddi cəlbi və düzgün tezislərlə istiqamətləndirilməsi, eyni zamanda sosial mediada kampaniyaların təşkili vacibdir. Mərhələli planın tətbiqinin hər bir addımında cəmiyyətlə uyğun kommunikasiya işinin aparılması daha az mənfi rəyin formalaşmasına, daha yumşaq keçidin təmin olunmasına gətirib çıxaracaqdır.

Qadağaların mümkün mənfi tərəfləri

Sosial mediaya əlçatanlığın gecikdirilməsinin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də mövcuddur. Sosial mediadan yanlış istifadə edən uşaqlar olduğu qədər, düzgün istifadə edən uşaqlar da var. Dünyada baş verən hadisələri öyrənmək, yeniliklərdən xəbərdar olmaq, beynəlxalq gənclər şəbəkələrinə qoşulmaq, beynəlxalq tədbirlərdən, olimpiadalardan xəbər tutmaq üçün sosial şəbəkələrdən istifadə edən uşaqların imkanlarını məhdudlaşdırılmış olur. Eyni zamanda artıq az yaşlarından etibarən sosial media vasitəsilə biznes quran, startuplar edən uşaqların sayı da az deyil. Bu səbəbdən bəzi uşaqların sosial mediadan istifadəsinə valideyn nəzarəti ilə icazə verən mexanizmlərin tətbiqi də mümkündür. Bunun üçün periodik olaraq valideynin bu sosial media hesabının uşağı tərəfinən istifadə olunmasına icazə verdiyini bildirən bir təsdiq forması tətbiq oluna bilər.

Hansı platformalar daha yüksək risk daşıyır?

Bəzi sosial media platformalarının istifadə modeli və kontent strukturu uşaqlar üçün yüksək riskli hesab oluna bilər və bu platformalar üzrə ayrıca risk təsnifatının hazırlanması və eyni zamanda tamamilə bloklanmasını da nəzərdən keçirmək mümkündür. Bunlara əsasən uşaqlar və gənclər tərəfindən istifadə olunan və populyar olan “Snapchat” tətbiqi, “Sugo”, “Azar” və.s kimi heç bir moderasiya tətbiq olunmayan tanışlıq platformaları, X platformasının Meta alternativi olan “Threads” misal ola bilər. Eyni zamanda son dövrlərdə süni intellekt əsaslı chatbot və virtual ünsiyyət platformalarının uşaqlar üzərində emosional asılılıq yaratması riski də ayrıca nəzərə alınmalıdır.

Texniki tətbiq imkanları və mümkün risklər

Sosial media istifadəsinin gecikdirilməsinin texniki olaraq tətbiqi üçün bir sıra imkanlar mövcuddur. Buna dünya təcrübəsində istifadə olunan yerli yanaşma olaraq sayılan elektron hökumət tətbiqləri üzərindən doğrulama və ya qanunvericiliklə məsələni platformaların öhdəliyinə qoymaq və pozuntular üçün cərimələr nəzərdə tutmaq mümkündür. Ancaq ən optimal variant məhz bu iki yanaşmanı birləşdirmək və kompleks tədbirlər nəzərdə tutmaqdır. Hər iki variantda platformalarla əlaqələrin sıxlaşdırılması, sosial media platformalarının yerli nümayəndəliklərin açılması vacibdir. Çünki platformanın yanaşmasından aslı olaraq elektron hökumət doğrulamasının tətbiqi zamanı data təhlükəsizliyinin qorunmasının təmin olunması məqsədilə yerli istifadəçilərin məlumatlarının ölkə daxilində data mərkəzə daşınması gərəkli ola bilər. Bu məhdudiyyətlər özü ilə risklər də gətirir. Texniki məhdudiyyətlərin tətbiqi zamanı VPN və alternativ texniki vasitələrdən istifadənin artması ehtimalı da nəzərə alınmalıdır.

Sosial media uşaqların təhlükəsizliyi rəqəmsal asılılıq yaş məhdudiyyəti valideyn nəzarəti internet təhlükəsizliyi sosial şəbəkələr HBSC araşdırması onlayn risklər rəqəmsal maarifləndirmə

Mənbə: apa.az

Xəbər Lenti