Cümə axşamı, 11 İyun, 2026
Tarix: 11 Jun 2026 17:13
Rusiya 12 iyundan bütün karantin altında olan məhsulların Ermənistandan idxalını məhdudlaşdırır.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti – “Rosselxoznadzor” məlumat yayıb.
Bildirilib ki, qurum Ermənistandan Rusiyaya karantin altında olan bütün məhsulların, o cümlədən pomidor, üzüm, quru meyvə və daha çox məhsulun idxalını məhdudlaşdırıb.
Bu məhsulların Rusiya ərazisindən Avrasiya İqtisadi İttifaqı ölkələrinə tranziti də 12 iyundan etibarən dayandırılır.
“Qərar karantin obyektlərinin sistematik aşkarlanması səbəbindən verilib. Bu ilin may ayından etibarən xidmət müəyyən növ karantin məhsullarının Ermənistandan idxalını tədricən məhdudlaşdırıb və Ermənistan tərəfinə təchizatdakı fasilələr barədə dəfələrlə məlumat göndərib”, - “Rosselxoznadzor”un məlumatında bildirilib.
O da qeyd olunub ki, Aİİ-də karantin mallarının siyahısına üzüm, soğan, düyü, qarğıdalı, müəyyən növ qəhvə, quru meyvələr, pomidor, kartof və digər məhsullar daxildir.
Fərid ƏkbərovMənbə: apa.az