Cümə axşamı, 18 İyun, 2026
Tarix: 18 Jun 2026 16:24
Təəssüf ki, Yəməndə münaqişənin başlamasından keçən 12 il ərzində inkişaf göstəriciləri ciddi şəkildə pisləşib.
"APA-Economics" xəbər verir ki, Yəmən Respublikasının Planlaşdırma və Beynəlxalq Əməkdaşlıq naziri Afrah Al-Zouba Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan “İslam İnkişaf Bankının Dayanıqlılıq Dialoqu 2026: Yüksək Səviyyəli Panel Sessiyası”nda bildirib.
Onun sözlərinə görə, hazırda əhalinin təxminən 80 faizi yoxsulluq içində yaşayır: "Onların 50 faizi çoxölçülü yoxsulluqdan əziyyət çəkir. Dövlət gəlirləri 70 faiz azalıb, büdcə kəsiri isə çox yüksəkdir. Yerli valyutanın ABŞ dollarına qarşı dəyər itirməsi inflyasiyanın artmasına, əsas xidmət və malların bahalaşmasına səbəb olub".
O vurğulayıb ki, bundan əlavə, Yəməndə çox narahatedici göstəricilər var: "4,5 milyondan çox uşaq təhsildən kənarda qalıb, 5 yaşadək uşaqlar arasında boy artımının ləngiməsi (stunting) təxminən 49 faizə çatıb. Bu, çox ağır və narahatedici vəziyyətdir. Eyni zamanda Yəmən iqlim dəyişikliyindən də ciddi şəkildə təsirlənir və dünyada ən çox zərər görən üç ölkədən biridir. Bu, su qıtlığını, su resurslarının tükənməsini, sel və quraqlıq dövrlərinin artmasını, kənd təsərrüfatı mövsümlərinin pozulmasını və balıqçılıq sektorunun zəifləməsini daha da ağırlaşdırır.
O bildirib ki, bu şəraitdə ilk addım daha da pisləşmənin qarşısını almaqdır: "Xüsusilə səhiyyə, təhsil, enerji və digər əsas xidmətlərin qorunması vacibdir. İkinci istiqamət iqtisadi göstəricilərin yaxşılaşdırılmasıdır. Yəmən hökuməti gəlirlərin artırılması üçün islahatlar həyata keçirir ki, bu da dövlətin əsas xərcləri, xüsusilə maaşlar və xidmətlər üçün vəsait təmin etməsinə kömək edəcək. Üçüncü vacib məsələ iş yerlərinin yaradılmasıdır. Ailələrin öz ehtiyaclarını qarşılaya bilməsi üçün məşğulluq imkanları artırılmalıdır. Humanitar və inkişaf sahələrində paralel tədbirlər daha çox iş imkanları yarada bilər. Dördüncü istiqamət isə infrastrukturun gücləndirilməsidir. Enerji, elektrik və yollar kimi sahələrdə inkişaf icmalar arasında əlaqəni və malların daşınmasını asanlaşdırır.
Nazir qeyd edib ki, bunlar daxili prioritetlərdir: " Daha sonra beynəlxalq dəstək məsələsinə də toxuna bilərik".
İlahə Səlimova Yəmən Planlaşdırma və Beynəlxalq Əməkdaşlıq naziri Afrah Al-ZoubaMənbə: apa.az