Çərşənbə axşamı, 23 İyun, 2026
Tarix: 23 Jun 2026 15:38
İran nüvə proqramı ilə bağlı gələcəkdə uzun illər, hətta sonsuzadək davam edəcək ən yüksək səviyyəli yoxlamalara razılıq verib.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
“İran gələcəkdə ən yüksək səviyyəli nüvə yoxlamalarına tam və bütövlükdə razılaşıb. Bu, “nüvə şəffaflığını” təmin edəcək. Əgər buna razı olmasaydılar, sonrakı danışıqlar baş tutmazdı”, - o qeyd edib.
ABŞ lideri qeyd edib ki, bu səbəbdən və İranın digər böyük güzəştlərini nəzərə alaraq Hörmüz boğazının açıq qalmasına qərar verib və əlavə dəniz blokadasına ehtiyac görmür.
“Hörmüz boğazının açıq qalmasına icazə verdim, əlavə dəniz blokadası olmayacaq. Lakin lazım gələrsə, blokadanı bərpa etmək üçün gəmilərimiz hazır vəziyyətdə qalır”, — Tramp bildirib.
O, həmçinin ABŞ tərəfindən dondurulmuş və ya sanksiyalarla bağlı maliyyə vəsaitlərinin ərzaq və tibbi ləvazimatların alınmasına yönəldiləcəyini bildirib.
“Bu, humanitar böhrandır və çox gec olmadan indi kömək etməyin vacib olduğunu düşünürəm”, — ABŞ Prezidenti vurğulayıb.
İlqar Xudiyev Tramp ABŞ-İran danışıqları nüvə proqramı Hörmüz boğazı
Mənbə: apa.az