Livan Prezidenti: İsraillə danışıqların yeni mərhələsi həlledici ola bilər

Livan Prezidenti: İsraillə danışıqların yeni mərhələsi həlledici ola bilər

Tarix: 23 Jun 2026 18:42

Livan Prezidenti Cozef Aun İsrail və Livan rəsmiləri arasında Vaşinqtonda keçirilən birbaşa danışıqlar fonunda ölkəsinin əsas məqsədinin İsrail qüvvələrinin Livanın cənubundan çıxarılması olduğunu bildirib.

APA xəbər verir ki, Livan dövlət başçısının bu bəyanatını Prezidentin ofisi “X” səhifəsində paylaşıb.

Yayılan açıqlamaya görə, Aun son günlərdə baş verən hadisələrin danışıqlar yolunun düzgün seçim olduğunu təsdiqlədiyini vurğulayıb: “Son günlərin inkişafı danışıqlar yolunu seçməyimizin düzgün olduğunu sübut etdi. Milli məqsədlərə nail olmaq və bütün hüquqları bərpa etmək üçün dünyada etibar edilən yeganə yol məhz budur”.

Livan lideri danışıqların ölkəsinin məqsədlərinə çatması baxımından həlledici olacağına ümid etdiyini bildirib: “Ümid edirik ki, bu danışıqlar Livanın hər qarış torpağı üzərində tam suverenliyinin bərpası və dövlət hakimiyyətinin bütün ərazidə təmin edilməsi istiqamətində həlledici nəticələr verəcək”.

Aun qeyd edib ki, Beyrut İsrailin Livanın cənubundakı mövcudluğunun sona çatdırılmasından geri addım atmayacaq: “Bu gün bəyan edirik ki, Livanın cənubunda İsrail işğalının başa çatmasından və bütün xarici təsir mexanizmlərinin aradan qaldırılmasından daha azına razı olmayacağıq. Bizim yeganə seçimimiz milli suverenliyimizdir və yeganə güvəndiyimiz qurum Livan dövlətidir”.

İlqar Xudiyev İsrail-Livan danışıqları İsrail ordusu Hizbullah Livan Prezidenti Cozef Aun

Mənbə: apa.az

Xəbər Lenti