Çərşənbə, 24 İyun, 2026
Tarix: 24 Jun 2026 17:53
Belarusun Qrodno vilayətində iyun ayı ərzində səfərbərlik hazırlığı üzrə təlimlər keçirilir.
APA xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Belarus Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 20-dən etibarən Oşmyanı rayonunun hərbi komissarlığı hərbi vəzifəliləri şəxsi məlumatların yenilənməsi üçün çağırmağa başlayıb. Məlumatların yoxlanılması ilkin toplanış məntəqəsində aparılır.
Qurumun bildirdiyinə görə, hərbi komissarlığın əməkdaşları uçot sənədlərini yeniləyir və məlumat bazasını aktuallaşdırır. Ümumilikdə Oşmyanı rayonunda təxminən 2 min nəfərin prosesə cəlb olunması planlaşdırılır.
Tədbirlərin mərhələli şəkildə iyulun 2-dək davam edəcəyi qeyd olunur.
Daha əvvəl Belarus Müdafiə Nazirliyi təlimlər zamanı hərbi vəzifəlilərin təlim toplanışlarına çağırılması hesabına hərbi komissarlıqların komplektləşdirilməsi məsələsinin də məşq ediləcəyini açıqlayıb.
Təlimlərə cəlb olunan şəxslər hərbi biliklərini təkmilləşdirəcək, silah və hərbi texnikadan istifadə bacarıqlarını artıracaq, həmçinin təlim rəhbərliyi tərəfindən verilən tapşırıqları yerinə yetirməyi öyrənəcəklər.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Rusiyanın müharibənin coğrafiyasını genişləndirmək, o cümlədən Belarusu prosesə cəlb etmək imkanlarını nəzərdən keçirdiyini bildirmişdi.
İlqar Xudiyev Belarus hərbi təlumlər Ukrayna
Mənbə: apa.az