Cümə axşamı, 25 İyun, 2026
Tarix: 25 Jun 2026 16:35
İraq hakimiyyəti hazırda ölkənin Neft İxrac Edən Ölkələr Təşkilatındakı (OPEC) üzvlüyünə xitam verməyi planlaşdırmır. Bağdadın neft hasilatı kvotasının artırılması ilə bağlı tələbi isə kartel çərçivəsində uzunmüddətli siyasətinə uyğundur.
Bu barədə TASS İraqın Neft Nazirliyi ölkənin OPEC-dən çıxmağa hazırlaşdığına dair yayılan məlumatla bağlı rəsmi aşıqlamasına istinadən xəbər verir.
“İraqın OPEC-də üzvlüyünü dayandıracağı ilə bağlı məlumatlar hökumətin rəsmi mövqeyini əks etdirmir”, - nazirliyin bəyanatında qeyd olunub.
Bildirilir ki, Bağdad üzv ölkələrin davamlı hasilat potensialına uyğun olaraq hasilat limitlərinin yenidən nəzərdən keçirilməsinin vacibliyini daim vurğulayır.
Nazirliyin məlumatına görə, OPEC və tərəfdaş ölkələr bu istiqamətdə üzv dövlətlərin maksimal davamlı hasilat gücünün yenidən qiymətləndirilməsi prosesinə başlayıb. Hazırda bu proses müstəqil beynəlxalq konsaltinq şirkəti ilə koordinasiya şəraitində və İraqın fəal iştirakı ilə həyata keçirilir.
İraqın Neft Nazirliyi əlavə edib ki, OPEC üzvləri arasında ölkənin xüsusi vəziyyəti ilə bağlı yüksək səviyyədə anlaşma mövcuddur.
“Ölkənin neft və yardımçı infrastrukturu uzun illər terror hücumlarına məruz qalıb və bu amil İraq üçün ədalətli hasilat səviyyəsinin müəyyən edilməsində nəzərə alınmalıdır”, - nazirlik vurğulayır.
Qeyd edək ki, 2026-cı il mayın 1-də “OPEC+” razılaşmasında iştirak edən Birləşmiş Ərəb Əmirlikləri həm OPEC-dən, həm də “OPEC+” formatından ayrılıb. Ölkənin milli neft şirkəti olan ADNOC-un baş icraçı direktoru Sultan bin Əhməd Əl-Cabir bildirib ki, bu qərar dövlətin suveren maraqlarına uyğundur və digər ölkələrə qarşı yönəlməyib.
“OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə - red.) üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.
***
12:22
İraq OPEC çərçivəsində ona ayrılan neft hasilatı kvotasının əhəmiyyətli dərəcədə artırılmayacağı təqdirdə, bütün mümkün variantları nəzərdən keçirməyə məcbur olacaq.
Bu barədə “Reuters” İraq Neft Nazirliyinin yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Agentliyə danışan digər mənbələr isə İraq rəsmilərinin OPEC-dən çıxmaq ehtimalını da müzakirə etdiklərini bildiriblər. Bununla belə, hazırkı plan təşkilatda qalmaq və daha yüksək hasilat kvotasına nail olmağa çalışmaqdır.
Qeyd olunur ki, İraqın OPEC-dən mümkün çıxışı bu il Birləşmiş Ərəb Əmirliklərinin təşkilatı tərk etməsindən sonra qurum üçün növbəti ciddi zərbə ola bilər. İraq OPEC-in beş təsisçi üzvündən biridir və təşkilat məhz Bağdadda yaradılıb.
İraq rəsmisinin sözlərinə görə, ölkə İranla müharibənin yaratdığı nəticələr fonunda ciddi maliyyə böhranı yaşayır və OPEC kvotasının əhəmiyyətli dərəcədə artırılması ölkə üçün həyati əhəmiyyət daşıyır.
“İraq hazırda kritik maliyyə vəziyyəti ilə üz-üzədir. OPEC kvotasının ciddi şəkildə artırılması zəruridir və bu məsələyə maksimum ciddiyyətlə yanaşılmalıdır”, – mənbə “Reuters”ə deyib.
OPEC+ alyansı Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiya da daxil olmaqla tərəfdaş istehsalçı ölkələri birləşdirir.
Emil İsmayılov İraq OPEC neft kvotasıMənbə: apa.az