Şmıqal: Ukraynanın Bərpası Konfransında 1 milyard avrodan çox məbləğdə enerji müqavilələri imzalanacaq

Şmıqal: Ukraynanın Bərpası Konfransında 1 milyard avrodan çox məbləğdə enerji müqavilələri imzalanacaq

Tarix: 25 Jun 2026 20:32

Qdanskda keçirilən Ukraynanın Bərpası Konfransı çərçivəsində ölkənin enerji sektorunda fəaliyyət göstərən dövlət və özəl şirkətlər 1 milyard avrodan çox məbləğdə maliyyənin cəlb olunmasına dair sazişlər imzalayacaqlar.

APA xəbər verir ki, bunu telemarafonun efirində Ukraynanın Baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, artıq Böyük Britaniyanın “Urenco” şirkəti ilə Ukraynanın atom elektrik stansiyaları üçün nüvə yanacağının tədarükünə dair 210 milyon funt sterlinq məbləğində saziş imzalanıb.

“Bu gün, həmçinin ABŞ-nin “Eksim” bankı tərəfindən “Naftoqaz” üçün 300 milyon dollar, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən “Ukrenerqo” üçün isə 90 milyon avro məbləğində maliyyənin ayrılmasına dair saziş imzalayırıq. Bundan başqa, dövlət və özəl şirkətlərimiz bu gün ümumi dəyəri 1 milyard avrodan çox olan daha 28 saziş imzalayır”, – deyə o bildirib.

Onun fikrincə, bu, qış mövsümü başlamazdan əvvəl Ukraynanın enerji sektoruna dəstək üçün mühüm irəliləyiş olacaq.

Nazir əlavə edib ki, Niderland ilə qış mövsümünə hazırlıq üçün 178 milyon avronun ayrılmasına dair saziş də imzalanıb. Yardım paketinə xüsusilə də qaz turbinləri və transformatorların alınması daxildir.

Mənbə: apa.az

Xəbər Lenti