Cümə axşamı, 9 İyul, 2026
Tarix: 09 Jul 2026 16:34
NATO Türkiyənin geostrateji rolunu yalnız bəyanatlarda deyil, praktik addımlarla da qiymətləndirməlidir.
Bunu APA-ya açıqlamasında Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, deputat Tahir Mirkişili bildirib.
Türkiyənin NATO-ya ev sahibliyi etməsi təsadüfi seçim deyil
Tahir Mirkişili deyib ki, NATO-nun növbəti sammitinə qardaş Türkiyənin ev sahibliyi etməsi təsadüfi hadisə deyil, bu, alyans daxilində Ankaranın artan siyasi çəkisinin və geostrateji əhəmiyyətinin növbəti dəfə təsdiqlənməsi kimi qiymətləndirilməlidir: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə təşkil olunan sammit göstərdi ki, Türkiyə təkcə NATO-nun üzv dövlətlərindən biri deyil, həm də təşkilatın təhlükəsizlik arxitekturasını formalaşdıran əsas dayaqlardan biridir. Son illər beynəlxalq münasibətlər sistemində baş verən köklü dəyişikliklər, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən gərginlik, enerji təhlükəsizliyi, miqrasiya böhranları və yeni geosiyasi risklər NATO-nun strateji baxışını da dəyişib. Bu yeni reallıqda Türkiyənin rolu daha da artıb. Əslində, alyansın cənub-şərq cinahının təhlükəsizliyini Türkiyəsiz təsəvvür etmək mümkün deyil. NATO Türkiyəni 1952-ci ildə öz sıralarına qəbul edərkən onun geostrateji mövqeyinin əhəmiyyətini çox yaxşı anlayırdı. Həmin dövrdə Soyuq müharibənin yaratdığı təhlükələr fonunda Türkiyə Sovet İttifaqına qarşı ön xətt ölkələrindən biri hesab edilirdi. Bu gün isə dəyişən yalnız təhlükələrin xarakteridir. Türkiyənin strateji mövqeyi isə əvvəlkindən də böyük əhəmiyyət daşıyır”.
NATO-nun təhlükəsizlik sistemində Türkiyənin əvəzolunmaz rolu
Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü qeyd edib ki, Türkiyə coğrafi baxımdan Avropa ilə Asiyanın kəsişməsində yerləşən, eyni zamanda Qara dəniz, Aralıq dənizi, Qafqaz və Yaxın Şərq kimi mühüm geosiyasi məkanları birləşdirən dövlətdir: “Məhz bu mövqe ona NATO daxilində xüsusi status qazandırır. Boğazlara nəzarət edən yeganə NATO ölkəsi kimi Türkiyə Qara dənizdə təhlükəsizlik balansının qorunmasında əsas rol oynayır. Montrö Konvensiyasının tətbiqi, hərbi gəmilərin keçidinə nəzarət və regionda sabitliyin saxlanılması baxımından Ankaranın mövqeyi əvəzolunmazdır. Rusiya-Ukrayna müharibəsi dövründə də Türkiyənin balanslaşdırılmış və məsuliyyətli siyasəti beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Digər tərəfdən, Yaxın Şərqdə baş verən proseslər göstərir ki, terrorizmlə mübarizə, qaçqın axınının idarə olunması və humanitar böhranların qarşısının alınması istiqamətində Türkiyənin üzərinə düşən yük NATO-nun digər üzvlərinin əksəriyyətindən qat-qat çoxdur. Milyonlarla qaçqına ev sahibliyi edən Türkiyə təkcə öz sərhədlərini deyil, eyni zamanda Avropanın təhlükəsizliyini də qoruyur. Bu gün NATO daxilində ABŞ Silahlı Qüvvələrindən sonra ikinci ən böyük orduya malik olan Türkiyə yalnız hərbi potensialı ilə deyil, əməliyyat təcrübəsi, çevik qərarvermə imkanları və yüksək hazırlıq səviyyəsi ilə də alyansın kollektiv müdafiə sisteminin əsas sütunlarından biridir”.
Müdafiə sənayesində əldə olunan uğurlar Türkiyəni yeni mərhələyə çıxarıb
Tahir Mirkişili son onillikdə Türkiyənin müdafiə sənayesində böyük transformasiya həyata keçirdiyini xatırladıb: “Bir vaxtlar əsasən idxaldan asılı olan ölkə artıq yüksək texnologiyalı silah sistemləri istehsal edən və onları dünyanın müxtəlif ölkələrinə ixrac edən aparıcı dövlətlərdən birinə çevrilib. Pilotsuz uçuş aparatları, zərbə dronları, raket sistemləri, hava hücumundan müdafiə vasitələri, dəniz platformaları, zirehli texnikalar və milli döyüş təyyarəsi KAAN layihəsi göstərir ki, Türkiyə müdafiə sənayesində keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu nailiyyətlər yalnız Türkiyənin milli təhlükəsizliyinə xidmət etmir. NATO-nun müdafiə imkanlarının gücləndirilməsi baxımından da Ankara mühüm töhfələr verir. Müasir döyüş texnologiyalarının inkişafı, əməliyyat qabiliyyətinin artırılması və istehsal potensialının genişləndirilməsi alyansın ümumi təhlükəsizlik sisteminə əlavə imkanlar qazandırır. Məhz buna görə Türkiyənin müdafiə sənayesi artıq təkcə milli layihə deyil, NATO üçün də strateji əhəmiyyət daşıyan potensial hesab edilməlidir”.
Müttəfiqə qarşı məhdudiyyətlər alyansın ruhuna uyğun deyil
Bununla yanaşı, təəssüf doğuran məqamlardan biri odur ki, NATO üzvü olan Türkiyə uzun illərdir silah satışı və yüksək texnologiyaların transferi sahəsində müxtəlif məhdudiyyətlərlə üzləşir. Tahir Mirkişili bildirib ki, ən çox müzakirə olunan məsələlərdən biri ABŞ tərəfindən CAATSA çərçivəsində tətbiq olunan sanksiyalardır: “Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərinin alınmasından sonra Türkiyə F-35 proqramından çıxarıldı, bir sıra hərbi texnologiyalara çıxışı məhdudlaşdırıldı. Yerli müdafiə sənayesinin inkişafına yönəlmiş bəzi layihələrdə, o cümlədən KAAN proqramı üçün mühərrik və digər yüksək texnologiyalı komponentlərin əldə olunmasında çətinliklər yarandı. Eyni zamanda, Fransa və Almaniya kimi bəzi Avropa dövlətləri də müxtəlif dövrlərdə siyasi motivlərlə Türkiyəyə silah ixracına məhdudiyyətlər tətbiq etdilər. Xüsusilə 2019-cu ildə Suriyanın şimalında keçirilən antiterror əməliyyatlarından sonra tətbiq olunan embarqolar buna nümunədir. Doğrudur, sonrakı illərdə bu məhdudiyyətlərin müəyyən hissəsi yumşaldıldı və ya qismən aradan qaldırıldı. Lakin prosesin siyasi qərarlardan asılı vəziyyətdə qalması özü ciddi suallar doğurur. Əgər NATO kollektiv müdafiə prinsipi üzərində qurulubsa, onda üzv dövlətlər arasında etimadı sarsıdan belə yanaşmalar alyansın strateji maraqlarına uyğun hesab edilə bilməz”.
Yunanıstanın silahlandırılması fonunda yaranan balanssızlıq
Tahir Mirkişili diqqət çəkən digər məsələnin isə Türkiyəyə qarşı tətbiq olunan müxtəlif məhdudiyyətlərlə paralel olaraq NATO üzvü olan Yunanıstanın intensiv şəkildə silahlandırılması olduğunu söyləyib: “Son illərdə Yunanıstanın müxtəlif ölkələrdən müasir döyüş təyyarələri, hava hücumundan müdafiə sistemləri və digər yüksək texnologiyalı silahlarla təmin olunması regiondakı hərbi balans barədə müzakirələri daha da aktuallaşdırıb. Söhbət hansısa ölkənin müdafiə imkanlarının artırılmasına etirazdan getmir. Məsələ ondadır ki, eyni ittifaq daxilində bir müttəfiqə qarşı məhdudiyyətlər tətbiq edilərkən digər müttəfiqin hərbi imkanlarının sistemli şəkildə gücləndirilməsi istər-istəməz ikili standart təsəvvürü yaradır. NATO daxilində "seçmə müttəfiqlik" yanaşması etimad mühitini zəiflədir. Alyansın əsas üstünlüyü üzvlər arasında qarşılıqlı inam və həmrəylikdir. Əgər bu prinsiplər siyasi yanaşmaların təsiri altına düşərsə, bu, bütövlükdə NATO-nun daxili birliyinə mənfi təsir göstərə bilər”.
Ərdoğanın simvolik jesti mühüm siyasi mesaj idi
Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü deyib ki, sammit zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakçılara Türkiyə istehsalı olan fərdi tapança və patronlar hədiyyə etməsi ilk baxışdan protokol xarakterli addım kimi görünə bilərdi: “Lakin həmin hədiyyələrin üzərində yer alan "ixrac məhdudiyyətlərindən azaddır" qeydi bu jestə tamamilə fərqli siyasi məna qazandırdı. Bu mesaj əslində NATO daxilində uzun illərdir davam edən müzakirələrə incə diplomatik cavab idi. Türkiyə demək istəyirdi ki, biz öz istehsal etdiyimiz müdafiə məhsullarını müttəfiqlərimizlə heç bir məhdudiyyət qoymadan paylaşmağa hazırıq. Halbuki, bəzi müttəfiqlər eyni münasibəti Türkiyəyə göstərmirlər. Bu jest həm də Türkiyənin müdafiə sənayesinin hansı səviyyəyə çatdığını nümayiş etdirdi. Bir vaxtlar xarici texnologiyadan ciddi şəkildə asılı olan ölkə artıq öz məhsullarını NATO liderlərinə təqdim edən və onların rəğbətini qazanan istehsalçıya çevrilib”.
NATO Türkiyəyə obyektiv yanaşmalıdır
Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü qeyd eidb ki, Türkiyə son illər həyata keçirdiyi milli müdafiə strategiyası sayəsində xarici asılılığını əhəmiyyətli dərəcədə azaldıb: “Yerli pilotsuz uçuş aparatları, raket sistemləri, milli döyüş təyyarəsi, hərbi gəmi layihələri və digər texnoloji məhsullar bunun bariz nümunəsidir. Lakin bu uğurlar NATO daxilində əməkdaşlığın əvəzlənməsi kimi qiymətləndirilməməlidir. Əksinə, Türkiyənin güclənməsi alyansın da güclənməsi deməkdir. Çünki Türkiyənin malik olduğu hərbi potensial kollektiv təhlükəsizlik sisteminin ayrılmaz hissəsidir. Mürəkkəb beynəlxalq şəraitdə NATO üçün ən vacib məsələ üzv dövlətlər arasında qarşılıqlı etimadı qorumaqdır. Geostrateji əhəmiyyət yalnız sammit çıxışlarında və siyasi bəyanatlarda deyil, həm də silah satışı, texnologiya transferi, birgə istehsal layihələri və müdafiə sənayesi əməkdaşlığında öz əksini tapmalıdır. Türkiyə NATO-nun güclənməsinə bundan sonra da töhfə verməyə hazır olduğunu dəfələrlə nümayiş etdirib. Lakin bu əməkdaşlıq birtərəfli gözləntilər üzərində deyil, qarşılıqlı hörmət və bərabərhüquqlu müttəfiqlik prinsipləri əsasında qurulmalıdır. Bu gün beynəlxalq təhlükəsizlik sistemi yeni çağırışlarla üz-üzədir. Belə bir şəraitdə NATO daxilində ikili standartlara yol verilməsi nə alyansın maraqlarına, nə də ümumi təhlükəsizlik məqsədlərinə xidmət edir. Türkiyənin strateji əhəmiyyətini hamı qəbul edirsə, bu qəbul yalnız siyasi bəyanatlarla məhdudlaşmamalı, praktik qərarlarda da özünü göstərməlidir. Məhz bu halda NATO daha güclü, daha etibarlı və daha dayanıqlı təhlükəsizlik təşkilatı kimi fəaliyyətini davam etdirə bilər”.
Tahir Mirkişili Türkiyə NATO
Mənbə: apa.az