Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

Tarix: 10.05.2024 17:08

Mayın 10-da Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılıqları ilə müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans baş tutub.

APA-nın yerli bürosu xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın vitse-konsulu Şota Dolidze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə şəhər Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov, QMİ-nin Qazılar şurasının üzvü Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının, o cümlədən şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və gənclər iştirak ediblər. Əvvəlcə Ulu Öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi ziyarət olunub. Tədbir iştirakçıları abidənin önünə gül dəstələri düzərək, Ümummilli Liderin xatirəsinə dərin ehtiram ifadə ediblər. Konfransda Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. Niyazi Bayramov çıxışında bildirib ki, bugün milliyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir şəxs azərbaycançılıq ideologiyası ətrafında birləşib. Azərbaycançılığın milli məfkurəyə çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Şəhər rəhbəri onu da qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası hazırda Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri milli birliyimizin və həmrəyliyimizin ən yüksək zirvəsidir. Fəxrlə deyə bilərik ki, müasir müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin şah əsəridir!”- deyə Niyazi Bayramov qeyd edib və konfransın gedişatına uğurlar arzulayıb. Bayram Aslanov, professor Yusif Yusibov, GDU-nun müəllimi Eldar Allahverdiyev və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin sektor müdiri Nurdəddin Babazadə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda çıxış edərək Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs ediblər. Sonda Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin tələbələrinin ifasında “Sən, elə bir zirvəsən!” mahnısı ifa olunub. Tədbirdən sonra Gəncə Ekoloji Park Kompleksinin ərazisində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Gəncə şəhər Nizami və Kəpəz Bələdiyyələrinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyası zamanı 101 ədəd “Xan çinarı” əkilib.

Xəbər Lenti