Çərşənbə axşamı, 14 İyul, 2026
Tarix: 14 Jul 2026 02:31
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyaya qarşı sanksiyaların Aİ iqtisadiyyatına zərər vurduğunu etiraf edib və üzv ölkələri “bir qədər səbirli olmağa” çağırıb.
APA xəbər verir ki, bu barədə Kallas Aİ xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiyaya qarşı 21-ci sanksiyalar paketi yenə qəbul edilməyib.
“Biz artıq o qədər sanksiyalar paketi qəbul etmişik ki, bəzi ölkələrdə siyasi konsensus dəyişməyə başlayıb. Üstəlik, seçkilər yaxınlaşır. Bununla belə hesab edirəm ki, Avropa İttifaqı iqtisadiyyatı üçün ən yaxşı variant müharibənin başa çatmasıdır. Buna görə də Rusiyaya təzyiqi artırmalı və Ukraynaya dəstəyi davam etdirməliyik. Uzunmüddətli qazanc naminə qısamüddətli ağrı ilə razılaşmalıyıq”, - deyə Kallas bildirib.
O, həmçinin etiraf edib ki, Aİ ölkələri Avropa Komissiyasının təklif etdiyi sanksiyalar paketindən Rusiyadan balıq idxalına qadağanı çıxarıb, xüsusi hərbi əməliyyat iştirakçılarına Aİ-yə giriş qadağası ilə bağlı təklifləri yumşaldıb və Rusiya neftinin daşınması məsələsində fikir ayrılıqları yaranıb.
Avropa İttifaqı Rusiya sanksiyalar
Mənbə: apa.az