- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 11.05.2024 10:14
Mayın 11-i gecə Yerdə maqnit qasırğası G5 gücündə ekstremal həddə çatıb.
APA xəbər verir ki, bu hal 2005-ci ilin avqustundan sonra ilk dəfə qeydə alınıb.
Maqnit qasırğasının gücü gecə boyu iki dəfə - Bakı vaxtı ilə saat 01.00 və 07.00-da G5 gücündə ekstremal həddə yüksəlib.
Alimlər bildirir ki, maqnit qasırğasının G5 həddinə çatması Yerdə müəyyən fəsadlara səbəb ola bilər. Belə ki, maqnit qasırğasının təsirindən transformatorların və enerji sistemlərinin zədələnməsi mümkündür.
Bundan başqa, kosmik aparatların oriyentasiyasında və peyklərlə rabitə kanallarında da problemlər yarana bilər.
Hazırda Yerdə maqnit qasırğasının nisbətən zəifləyərək, G4 həddində olduğu bildirilir.
Qeyd edək ki, mayın 10-da Günəşdə son 25 ilin ən güclü partlayışı baş verib. Alimlər Yerdə güclü maqnit qasırğasının Günəşdəki partlayışın təsirindən yarandığını bildirirlər.