“Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda silsilə tədbirlər keçirilir

Tarix: 11.05.2024 12:00

Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

APA FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə Nazirliyin regional mərkəzləri tərəfindən sel təhlükəli dağlıq və dağətəyi ərazilərdə yaşayan əhalinin xüsusilə yaz-yay fəsilləri üçün xarakterik olan sel-daşqın təhlükəsindən qorunmağın yolları barədə maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilir. Belə ki, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şamaxı, İsmayıllı, Qəbələ və Balakən rayonları, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən və Şəmkir rayonlarının sel təhlükəli kəndlərində maarifləndirmə tədbirləri keçirilib.

Yerli sakinlər, o cümlədən ictimai iaşə obyektlərinin əməkdaşları və turistlərlə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.

Xəbər Lenti