Şəkərli diabet xəstələrinin dərman təminatında yaranmış problemə aydınlıq gətirilib

Tarix: 15.05.2024 18:17

Şəkərli diabet xəstələrinin insulin və dərman preparatları ilə təminatında problem yaranıb. Bununla bağlı APA-ya müraciətlər olub. Belə ki, apteklərdə şəkərli diabet xəstələrinə lazım olan insulin və dərman preparatlarının tükəndiyi bildirilir.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq deyib ki, yaxın günlərdə şəkərli diabet xəstələrinə insulin və dərman preparatlarının paylanılması təmin ediləcək.

TƏBİB rəsmisi Azərbaycanda şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təchizatının “Şəkərli diabet xəstəliyi üzrə” Dövlət Proqramı çərçivəsində həyata keçirildiyini xatırladıb.

O qeyd edib ki, diabet xəstələrinə verilməli olan insulinin, həblərin və özünənəzarət vasitələrinin miqdarı Nazirlər Kabinetinin müvafiq qərarında əks olunan normativlər əsasında hesablanır, eyni zamanda, tibb müəssisəsinin təqdim etdiyi tələbnamə əsasında vətəndaşlara təqdim olunur.

“Cari ay üzrə müəssisələrdən təqdim olunan tələbnamə əsasında dərman vasitələrinin və preparatlarının satınalması həyata keçirilib. İstehlakçı şirkət tərəfindən artıq həmin dərman vasitələri idxal olunub. Sənədləşmə prosesləri qısa müddət ərzində başa çatdıqdan sonra dərman vasitələrinin əhaliyə paylanmasına başlanılacaq”, - Zamirə Ədilova əlavə edib.

Xəbər Lenti