- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 16.05.2024 14:18
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.
APA-nın yerli bürosunun məlumatına görə, yarış Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin dəstəyi ilə baş tutub. Birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.Keçirilən yarışda Gəncə Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.
Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” adlı üç mərhələdən ibarət olub.Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Gəmcə şəhəri Mikayıl Müşviq adına 14 nömrəli tam orta məktəbinin komandası I yerə, Şəmkir rayonun Şiştəpə kənd Qalib Allahverdiyev adına tam orta məktəbin komandası II yerə, Göygöl rayon Üçtəpə kənd Ərşad Məmmədov tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.