Bu ay Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib

Bu ay Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib

Tarix: 31 Jul 2026 16:46

Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədilə cari ilin iyul ayı ərzində 4 depozit hərracı keçirilib və ümumilikdə xəzinə hesabının 174 milyon manat məbləğində qalığı ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib.

Bu barədə "APA-Economics"ə nazirlikdən məlumat verilib.

İyulun 9-da təşkil olunan ilk hərracda xəzinə hesabının 73 milyon manat məbləğində qalığı 4 kommersiya bankında 28 gün müddətinə, orta çəkili 7,24 faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

İyulun 16-da keçirilən növbəti hərracda 40 milyon manat məbləğində vəsait 4 kommersiya bankında 28 gün müddətinə, orta çəkili 6,52 faiz dərəcəsi ilə yerləşdirilib.

İyulun 23-də baş tutan hərracda 2 kommersiya bankının iştirakı ilə xəzinə hesabının 31 milyon manat məbləğində qalığı 28 gün müddətinə, orta çəkili 6,55 faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

İyulun 30-da keçirilən son hərracda isə 3 kommersiya bankının iştirakı ilə xəzinə hesabının 30 milyon manat həcmində qalığı 84 gün müddətinə, orta çəkili 6,53 faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin idarə olunmasında səmərəliliyin artırılması məqsədilə xəzinə hesabının qalığının bazar prinsipləri əsasında depozit hərracları vasitəsilə ölkənin kommersiya banklarında yerləşdirilməsi praktikasını davam etdirir.

İlahə Səlimova Maliyyə Nazirliyi depozit hərracı

Mənbə: apa.az

Xəbər Lenti