Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə aksiyalar keçirib - FOTOLENT

Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə aksiyalar keçirib - FOTOLENT

Tarix: 25 Oct 2026 11:09

Azərbaycanlı itkin ailələri Belçikanın paytaxtı Brüsseldə silsilə dinc aksiyalar keçiriblər.

APA xəbər verir ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə oktyabrın 22-də şəhərin tarixi “Place de l’Albertine” meydanında növbəti aksiya təşkil olunub.

Aksiya oktyabrın 20-də Avropa Parlamentinin qarşısındakı “Place du Luxembourg”, oktyabrın 21-də isə Avropa İttifaqının əsas təsisatlarının yerləşdiyi “Schuman” meydanında keçirilən tədbirlərin davamı olub.

Aksiya çərçivəsində itkin düşmüş azərbaycanlıların fotoşəkillərindən, geyimlərindən və məktub zərflərindən ibarət xüsusi instalyasiya nümayiş etdirilib.

Zərflərdə itkinlərin dilindən yazılmış “Mən sadəcə bir rəqəm deyiləm. Mənim adım var, ailəm var”, “Mən hələ də kiminsə övladıyam. Ailəm nə vaxta qədər gözləməlidir?” kimi mesajlar yer alıb.

İnstalyasiya ilə tanış olan ziyarətçilər itkin ailələrinə dəstək mesajları yazıb, xatirə lentləri bağlayıb və güllər qoyublar.

Ziyarətçilərə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə 4010 azərbaycanlının itkin düşdüyü, onların arasında 71 uşağın, 288 qadının və 319 ahıl şəxsin olduğu barədə məlumat verilib.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri, itkin düşmüş Abbas Behbudovun bacısı Könül Behbudova Ermənistanın azərbaycanlı itkinlərlə bağlı susqunluğunu qəbuledilməz hesab etdiyini bildirib. O, itkin düşmüş şəxslərin taleyi barədə məlumatların Azərbaycan tərəfinə təqdim olunmasını tələb edib.

Aksiyada itkin düşmüş Azad Cabbarovun həyat yoldaşı Fəridə Cabbarova, Səxavət Canıyevin həyat yoldaşı Reyhan Canıyeva, Əhməd Məmmədovun qızı Sevinc Hacıyeva, Şahin Əliyevin anası Mahuru Şahin, Əbülfət Əliyevin həyat yoldaşı Nazanı Əliyeva və Oqtay Məmmədovun həyat yoldaşı Pərvanə Məmmədova da iştirak ediblər.

Onlar doğmalarının itkin düşməsinin ailələrində yaratdığı mənəvi sarsıntılardan və uzun illərdir davam edən qeyri-müəyyənlikdən danışıblar.

Aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün səyləri artırmağa çağırıblar.

“Biz sadəcə yaxınlarımızı xatırlamaq deyil, onların taleyi barədə həqiqəti bilmək istəyirik. Heç bir ailə sonsuza qədər gözləməməlidir!”, – deyə itkin ailələrinin müraciətində bildirilib.

Qeyd olunub ki, azərbaycanlı itkin ailələri oktyabrın 21-də Brüsseldə Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətində (EEAS) görüş keçiriblər. Görüşdə Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsinin siyasi məsələlər üzrə müşaviri Okke Bouwman və Azərbaycanla əlaqələr üzrə koordinator Marco Cardinali iştirak ediblər.

İtkin ailələri həmin görüşdə də yaxınlarının taleyinə aydınlıq gətirilənədək beynəlxalq səviyyədə aksiyalarını davam etdirəcəklərini bildiriblər.

Xatırladaq ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyi Azərbaycanın QHT Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsində “Yoxluğun sədası” layihəsi ilə qalib olub.

Günay Elşən Azərbaycan Belçika Brüssel itkin düşmüş şəxslər Qarabağ İtkin Ailələri Könül Behbudova Ermənistan Avropa İttifaqı EEAS dinc aksiya itkin ailələri Yoxluğun sədası
Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə aksiyalar keçirib - FOTOLENT
Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə aksiyalar keçirib - FOTOLENT
Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə aksiyalar keçirib - FOTOLENT
Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə aksiyalar keçirib - FOTOLENT
Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə aksiyalar keçirib - FOTOLENT
Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə aksiyalar keçirib - FOTOLENT

Mənbə: apa.az

Xəbər Lenti