Cümə, 31 İyul, 2026
Tarix: 31 Jul 2026 17:06
İşğaldan azad edilmiş ərazilərdə yaradılan Ağdam Sənaye Parkı qısa müddətdə ölkənin aparıcı istehsal mərkəzlərindən birinə çevrilib.
APA-nın məlumatına görə, parkda fəaliyyət göstərən müəssisələr müxtəlif sahələr üzrə məhsul istehsal etməklə yanaşı, ixrac imkanlarını da genişləndirir.
Parkın rezidentlərindən biri olan "Construction" MMC-də yüksək gərginlikli metal elektrik dirəkləri istehsal edilir. Müəssisənin illik istehsal gücü 7 min 200 ton təşkil edir. Layihəyə 2 milyon 960 min manat investisiya yatırılıb. İstehsal prosesi Çin istehsalı olan müasir avadanlıqlar əsasında qurulub və burada hazırlanan məhsullar ölkənin müxtəlif bölgələrində həyata keçirilən enerji və infrastruktur layihələrində istifadə olunur.
Parkın digər rezidenti "Eel Electric" MMC-də isə aşağı və orta gərginlikli elektrik paylayıcı qurğular istehsal edilir. Müəssisədə sənaye obyektlərinin enerji təminatında istifadə olunan avadanlıqlar hazırlanır, istehsal çeşidi mütəmadi genişləndirilir. Burada gənc mütəxəssislərin işə cəlb edilməsinə, həmçinin Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlərin məşğulluğuna üstünlük verilir.
Ağdam Sənaye Parkında fəaliyyət göstərən ilk müəssisələrdən biri olan "Mister Decor" MMC Cənubi Qafqazda divar kağızı istehsalı üzrə ilk ixtisaslaşmış zavoddur. Müəssisədə müasir texnologiyalar əsasında müxtəlif növ və dizaynda divar kağızları istehsal edilir. Zavodun illik istehsal gücü 2 milyon 100 min rulon təşkil edir. Məhsullar həm daxili bazara təqdim olunur, həm də xarici ölkələrə ixrac edilir. Zavodda çalışan 50-yə yaxın əməkdaşın böyük əksəriyyəti Böyük Qayıdış proqramı çərçivəsində Ağdama qayıdan sakinlərdir.
Sənaye Parkının digər rezidenti olan BAFCO İnvest MMC-də xüsusi təyinatlı işçi ayaqqabıları və poliuretan çəkmələr istehsal olunur. Müəssisənin illik istehsal gücü 510 min cütdür. Bunun 350 min cütünü təhlükəsizlik ayaqqabıları, 160 min cütünü isə poliuretan çəkmələr təşkil edir. Məhsulların 65 faizi daxili bazara, 35 faizi isə ixraca yönəldilir. Müəssisə bu ilin ilk yarısında Qazaxıstana 8 min cüt işçi ayaqqabısı ixrac edib. Hazırda məhsullar Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Qazaxıstan bazarlarına göndərilir, yeni ixrac istiqamətlərinin genişləndirilməsi üzrə danışıqlar davam etdirilir.
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində fəaliyyət göstərən Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkənin ikinci ən böyük sənaye parkıdır. Hazırda parkda 30 sahibkara rezident, 4 sahibkara isə qeyri-rezident statusu verilib. Bu günədək sənaye parkına 180 milyon manata yaxın investisiya yatırılıb, nəticədə 1230 daimi iş yeri yaradılıb. Hazırda parkda 12 müəssisə fəaliyyət göstərir, daha 12 müəssisənin tikintisi davam edir, 10 müəssisə isə layihələndirmə mərhələsindədir.
Elgün Gəncimsoy











Mənbə: apa.az