Bazar ertəsi, 3 Avqust, 2026
Tarix: 03 Aug 2026 15:06
SOCAR “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə Yaponiyanın “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb.
Bu barədə "APA-Economics"ə SOCAR-dan bildirilib.
İştirak payının alınmasına dair müvafiq sənədlər imzalanıb, alqı-satqı əməliyyatı qanunvericiliyin tələblərinə, SOCAR-ın daxili normativ qaydalarına, habelə müqavilə üzrə mövcud tənzimləyici öhdəliklərə uyğun olaraq həyata keçirilib.
Alqı-satqı prosesinə qədər “ITOCHU” korporasiyası AÇG layihəsində 3.65% iştirak payına malik olub. Beləliklə, SOCAR-ın AÇG layihəsində iştirak payı 31.65%-dən 35.3%-ə çatıb.
SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib ki, AÇG layihəsi uzun illərdir ölkəmizin və regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir: "Eyni zamanda, cari ildə AÇG yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatının başlanması layihənin gələcək inkişafı və Azərbaycanın qaz potensialının artırılması üçün yeni imkanlar açır. Layihənin icrasında uzun illər ərzində oynadığı rola və səmərəli tərəfdaşlığa görə ITOCHU korporasiyasına təşəkkürümüzü bildiririk. Əminik ki, layihə bundan sonra da tərəfdaşların birgə səyləri, yüksək əməliyyat standartları və qarşılıqlı etimad əsasında uğurla həyata keçiriləcək”.
ITOCHU korporasiyasının baş əməliyyat direktoru, Enerji və enerji həlləri Bölməsinin baş icraçı direktoru Tetsuya Yamada isə qeyd edib ki, ITOCHU 1996-cı ildə Azərbaycana sərmayə yatıran ilk Yaponiya şirkəti olduqdan sonra son üç onillik ərzində AÇG layihəsi və enerji sahəsində digər investisiyalar vasitəsilə SOCAR ilə möhkəm tərəfdaşlıq qurub: "AÇG son dərəcə uğurlu layihədir və uzun illər ərzində sahib olduğumuz bu aktivin SOCAR-a ötürülməsi barədə qərarımız həm ITOCHU-nun inkişaf edən strateji prioritetlərini, həm də SOCAR ilə tərəfdaşlığımızı daha da dərinləşdirmək öhdəliyimizi əks etdirir. Buna görə də bu satış ITOCHU-nun Azərbaycandan çıxması demək deyil, əksinə, tərəfdaşlığımızda yeni mərhələnin başlanğıcını ifadə edir. Azərbaycan ITOCHU-nun investisiya və ticarət fəaliyyəti üçün mühüm bazar olaraq qalacaq. SOCAR ilə əməkdaşlığımızı daha da gücləndirməyi və həm Azərbaycanda, həm də beynəlxalq bazarlarda yeni biznes imkanlarını birgə dəyərləndirməyi səbirsizliklə gözləyirik”.
Emil İsmayılov SOCAR AÇG ITOCHU
Mənbə: apa.az