Azərbaycan-İran münasibətlərində yeni mərhələ qarşılıqlı etimad və qonşuluq prinsiplərinə əsaslanır  -  RƏY

Azərbaycan-İran münasibətlərində yeni mərhələ qarşılıqlı etimad və qonşuluq prinsiplərinə əsaslanır - RƏY

Tarix: 10 Aug 2026 16:50

Azərbaycanın çətin günlərdə İranın yanında olması iki ölkə arasında münasibətlərin yalnız siyasi maraqlara deyil, tarixi qonşuluq, qarşılıqlı hörmət və humanizm prinsiplərinə söykəndiyini göstərir.

Bunu APA-ya açıqlamasında Mlli Məclis sədrinin müavini, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyafət Əsgərov bildirib.

Ziyafət Əsgərov deyib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanın İrana göstərdiyi yardım və dəstəklə bağlı son açıqlaması Azərbaycan-İran münasibətlərinin mahiyyətini anlamaq baxımından mühüm mesajdır: “Məsud Pezeşkianın bu məsələyə açıq şəkildə toxunması və Azərbaycanın rolunu yüksək qiymətləndirməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin də İran Prezidentinə Azərbaycan haqqında söylədiyi xoş və səmimi sözlərə görə təşəkkür etməsi göstərir ki, iki ölkə arasında münasibətlərdə qarşılıqlı anlayış və etimad daha da möhkəmlənir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olması da bir daha özünü göstərdi. Bu, sadəcə diplomatik ifadə deyil, konkret addımlarla təsdiqlənən münasibət modelidir. İran Prezidentinin açıqlamasına məhz bu kontekstdən yanaşmaq lazımdır. Çünki dövlətlərarası münasibətlərin həqiqi mahiyyəti yalnız sakit və sabit dövrlərdə keçirilən görüşlərdə, imzalanan sənədlərdə deyil, böhran və çətinlik zamanı nümayiş etdirilən davranışlarda daha aydın görünür”.

Mühüm siyasi mesaj

Mlli Məclis sədrinin müavini qeyd edib ki, Məsud Pezeşkian müharibə zamanı Azərbaycanın İrana yardım göstərdiyini, müəyyən mərhələdə yollar, bank və səfirliklə bağlı yaranmış məhdudiyyətlərin danışıqlardan sonra aradan qaldırıldığını bildirib. Həmçinin Rusiyadan İrana yardımların Azərbaycan vasitəsilə həyata keçirildiyini, Azərbaycanın özünün də yardım göndərərək bu prosesə dəstək verdiyini xatırladıb: “Bu açıqlama ilk növbədə bir həqiqəti ortaya qoyur: Azərbaycan öz coğrafi mövqeyindən və imkanlarından qonşusuna qarşı deyil, onun təhlükəsizliyinə və ehtiyaclarının təmin olunmasına dəstək məqsədilə istifadə edib. Azərbaycan həm öz imkanları hesabına yardım göstərib, həm də başqa istiqamətlərdən, o cümlədən Rusiyadan gələn tədarüklərin İrana çatdırılmasında mühüm tranzit və logistika imkanları təqdim edib. Burada bir məsələni xüsusi vurğulamaq istəyirəm. Müharibə və gərginlik dövründə istənilən nəqliyyat xəttinin, bank kanalının və diplomatik fəaliyyətin normal şəkildə davam etdirilməsi böyük siyasi məsuliyyət tələb edir. Belə bir şəraitdə Azərbaycanın yaranmış problemlərin danışıqlar yolu ilə həllinə üstünlük verməsi dövlətimizin qonşuluq siyasətinin mühüm xüsusiyyətlərindən biridir. Əgər hansısa mərhələdə müəyyən məhdudiyyətlər yaranıbsa, onların dialoq və qarşılıqlı anlaşma yolu ilə aradan qaldırılması göstərir ki, Bakı ilə Tehran arasında münasibətlərdə problemlərin həlli üçün siyasi iradə mövcuddur. Bu siyasi iradə isə münasibətlərin gələcəyi baxımından ən mühüm amillərdən biridir”.

Azərbaycan çətin günlərdə qonşusunun yanında olub

Ziyafət Əsgərov Azərbaycanın İranla münasibətlərində humanitar amilin hər zaman xüsusi yer tutduğunu söyləyib: “Müharibə və gərginlik dövründə Azərbaycan yalnız logistika imkanları ilə kifayətlənməyib, humanitar məsələlərdə də öz dəstəyini göstərib. Bu, Azərbaycanın xarici siyasətinin fundamental prinsiplərindən biri ilə bağlıdır. Azərbaycan dost və qonşu ölkələrin çətin vəziyyətə düşdüyü zaman laqeyd mövqe nümayiş etdirməyən dövlətdir. Biz müxtəlif illərdə müxtəlif ölkələrə göstərilən humanitar yardımların şahidi olmuşuq. İranla bağlı məsələdə də eyni yanaşma özünü göstərib. Bunun arxasında həm də qonşuluq, ortaq tarix, mədəniyyət, dini və mənəvi bağlar dayanır. Azərbaycan Prezidenti də dəfələrlə vurğulayıb ki, iki ölkənin xalqları arasında münasibətlərin möhkəm təməli məhz bu ortaq dəyərlər və mehriban qonşuluq münasibətləridir. Məsud Pezeşkianın da çıxışlarında Azərbaycan və İran xalqlarının tarix, sivilizasiya, mədəniyyət, din və dil sahəsində çoxsaylı ortaq bağlara malik olduğunu vurğulaması təsadüfi deyil. O, bu ortaq bağların iki xalq arasındakı dostluğu möhkəmləndirdiyini və ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib”.

Həmrəylik nümunəsi

Mlli Məclis sədrinin müavini Azərbaycanın İrana münasibətinin səmimiliyini göstərən digər mühüm məqamın İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin faciəvi vəfatından sonra Prezident İlham Əliyevin nümayiş etdirdiyi münasibət olduğunu bildirib: “Azərbaycan Prezidenti şəxsən İranın Bakıdakı səfirliyinə gedərək başsağlığı verdi. Daha sonra İran Prezidenti Məsud Pezeşkiana ünvanladığı başsağlığında Xameneinin İran dövlətinin və cəmiyyətinin həyatında mühüm rol oynadığını qeyd etdi və dost, qardaş İran xalqına sülh, sabitlik və əmin-amanlıq arzuladı. Bu addımın siyasi və mənəvi əhəmiyyətini düzgün qiymətləndirmək lazımdır. Dövlətlər arasında münasibətlər yalnız iqtisadi layihələr və siyasi danışıqlardan ibarət deyil. Ağır günlərdə nümayiş etdirilən həmrəylik də dövlətlərarası münasibətlərin mühüm komponentidir. Azərbaycanın İranın ağır günündə nümayiş etdirdiyi münasibət də məhz belə həmrəylik nümunəsidir.

Onun sözlərinə görə, son dövrdə Azərbaycan və İran prezidentləri arasında keçirilən görüşlər və telefon danışıqları münasibətlərin inkişafında mühüm rol oynayır: “Bu təmaslar göstərir ki, iki ölkənin rəhbərliyi arasında birbaşa siyasi dialoq mövcuddur və yaranan məsələlər məhz bu dialoq vasitəsilə müzakirə edilir. 2025-ci ildə İran Prezidentinin Azərbaycana həm rəsmi, həm də işgüzar səfərləri iki ölkə arasında münasibətlərdə yeni səhifə açdı. Prezident İlham Əliyev həmin səfərlərdən sonra münasibətlərin dinamikasının artmasını və müxtəlif səviyyələrdə təmasların intensivləşməsini xüsusi qeyd edib. Bu gün Azərbaycan-İran münasibətlərinin gündəliyi kifayət qədər genişdir. Siyasi dialoqla yanaşı, iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat, tranzit, sərhəd bölgələrində əlaqələr, qarşılıqlı investisiyalar və digər istiqamətlər üzrə əməkdaşlıq imkanları mövcuddur. Bundan sonra əsas məsələ əldə olunmuş siyasi etimadı konkret iqtisadi və regional layihələrlə daha da möhkəmləndirməkdir. Çünki iki ölkə arasında münasibətlər nə qədər çox praktiki əməkdaşlıqla zənginləşərsə, qarşılıqlı etimad da bir o qədər güclü olar”.

Azərbaycan-İran münasibətlərində yeni səhifə

Ziyafət Əsgərov nəzərə çatdırıb ki, Azərbaycan və İranın yerləşdiyi Cənubi Qafqaz və daha geniş region hazırda mühüm geosiyasi dəyişikliklər yaşayır: “Belə bir şəraitdə iki qonşu ölkənin qarşılıqlı anlaşma və əməkdaşlıq müstəvisində hərəkət etməsi yalnız Azərbaycan və İran üçün deyil, bütövlükdə regionun sabitliyi üçün əhəmiyyətlidir. Azərbaycan öz xarici siyasətində qonşu dövlətlərlə münasibətlərin inkişafına xüsusi önəm verir. İranla bağlı yanaşmamız da bu siyasətin tərkib hissəsidir. Bizim üçün əsas prinsip qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə hörmət, bir-birinin daxili işlərinə qarışmamaq və problemləri dialoq yolu ilə həll etməkdir. İran da Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörməti ifadə edən münasibət nümayiş etdirməlidir və son dövrdə siyasi dialoqun güclənməsi bu baxımdan müsbət tendensiyadır. Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkiana təşəkkür etməsi də məhz qarşılıqlılıq prinsipinin ifadəsidir. Azərbaycan İranın xoş və səmimi münasibətini yüksək qiymətləndirir, İran da Azərbaycanın çətin günlərdə göstərdiyi dəstəyi açıq şəkildə etiraf edir. Bu qarşılıqlı yanaşma münasibətlərin sağlam əsas üzərində qurulduğunu göstərir”.

Regional sabitlik üçün Azərbaycan və İranın əməkdaşlığı vacibdir

Mlli Məclis sədrinin müavini hesab edir ki, Azərbaycan və İranın əməkdaşlığı yalnız ikitərəfli münasibətlər çərçivəsində nəzərdən keçirilməməlidir: “İki ölkə arasında nəqliyyat və kommunikasiya əlaqələrinin genişlənməsi regionda ticarətin, tranzitin və iqtisadi fəallığın artmasına mühüm töhfə verə bilər. Azərbaycanın coğrafi mövqeyi Şimal-Cənub və digər nəqliyyat marşrutlarının inkişafında ölkəmizə mühüm imkanlar yaradır. İranın da öz növbəsində mühüm tranzit imkanlarına malik olması iki ölkənin əməkdaşlığını daha geniş regional layihələrin tərkib hissəsinə çevirə bilər. Bu baxımdan Məsud Pezeşkianın Azərbaycan vasitəsilə Rusiyadan İrana yardımların çatdırıldığını qeyd etməsi də Azərbaycanın regional tranzit rolunun praktik əhəmiyyətini göstərən nümunədir. Gələcəkdə bu imkanlardan yalnız böhran və müharibə dövründə deyil, sülh və iqtisadi inkişaf şəraitində daha geniş istifadə etmək lazımdır. Nəqliyyat dəhlizləri, sərhəd ticarəti, enerji əməkdaşlığı və qarşılıqlı investisiyalar Azərbaycan-İran münasibətlərinin daha möhkəm iqtisadi bazaya çevrilməsinə xidmət edə bilər”.

Qarşılıqlı etimad əsas kapitaldır

Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deyib ki, bu gün Azərbaycan-İran münasibətlərində ən böyük üstünlüklərdən biri siyasi dialoqun bərpası və qarşılıqlı etimadın möhkəmlənməsidir: “Əlbəttə, münasibətlərdə həmişə bütün məsələlərin eyni mövqedən qiymətləndirilməsi mümkün deyil. İki dövlətin fərqli maraqları, fərqli baxışları ola bilər. Əsas məsələ fikir ayrılıqlarının münasibətləri böhran vəziyyətinə gətirib çıxarmamasıdır. Bunun üçün isə siyasi dialoq daim açıq saxlanmalıdır. Məsud Pezeşkianın son açıqlaması və Prezident İlham Əliyevin ona cavabı bu baxımdan mühüm mesajdır. Bir tərəf digər tərəfin çətin zamanda göstərdiyi dəstəyi açıq şəkildə etiraf edir, digər tərəf isə bunu yüksək qiymətləndirərək iki xalqın tarixən bir-birinin yanında olduğunu vurğulayır. Azərbaycan İranla münasibətlərinin inkişafında maraqlıdır. Bizim istəyimiz regionda sülh, sabitlik, təhlükəsizlik və iqtisadi əməkdaşlığın möhkəmlənməsidir. Bu baxımdan Azərbaycan və İran arasında münasibətlərin gələcəyi üçün kifayət qədər böyük potensial var. Əsas məsələ həmin potensialı düzgün siyasi iradə, qarşılıqlı etimad və konkret layihələr vasitəsilə reallaşdırmaqdır. Azərbaycanın mövqeyi aydındır: biz qonşularımızın çətin günündə onların yanında oluruq və qarşılığında eyni münasibəti gözləyirik. Son hadisələr bir daha göstərdi ki, Azərbaycan-İran münasibətlərinin əsasında yalnız siyasi və iqtisadi maraqlar deyil, həm də tarix, qonşuluq, humanizm və qarşılıqlı hörmət dayanır. İnanıram ki, Prezident İlham Əliyev və Prezident Məsud Pezeşkian arasında formalaşmış siyasi dialoq bundan sonra da iki ölkə arasındakı münasibətlərin inkişafına mühüm töhfə verəcək. Azərbaycan və İran xalqlarının maraqları da bunu tələb edir”.

Ziyafət Əsgərov İran Prezident İlham Əliyev Pezeşkian

Mənbə: apa.az

Xəbər Lenti