Azərbaycan–Özbəkistan müttəfiqliyi: Avrasiyada yeni strateji xətt formalaşır - RƏY

Azərbaycan–Özbəkistan müttəfiqliyi: Avrasiyada yeni strateji xətt formalaşır - RƏY

Tarix: 21 Aug 2026 18:16

Azərbaycan–Özbəkistan münasibətləri son illərdə klassik ikitərəfli əməkdaşlıq modelindən çıxaraq daha geniş geosiyasi və geoiqtisadi məzmun qazanıb. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, Bakı–Daşkənd xətti artıq yalnız ortaq tarix, dil və mədəniyyət üzərində qurulan münasibətlər sistemi deyil. Müttəfiqlik, qarşılıqlı investisiyalar, enerji, Orta Dəhliz, yeni nəqliyyat bağlantıları, Türk Dövlətləri Təşkilatı və Azərbaycanın Mərkəzi Asiya ilə institusional yaxınlaşması bu münasibətləri Avrasiyada formalaşan yeni strateji arxitekturanın mühüm elementlərindən birinə çevirir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, politoloq Zaur Məmmədov hesab edir ki, Azərbaycan–Özbəkistan münasibətləri hər iki dövlətin milli maraqlarına cavab verən xüsusi strateji əməkdaşlıq modelidir.

Onun fikrincə, Azərbaycan və Özbəkistanı tarixi, mədəni, dini və dil yaxınlığı birləşdirsə də, bugünkü münasibətlərin əhəmiyyəti yalnız ortaq köklərlə məhdudlaşmır: “Hər iki dövlətin müasir geosiyasi proseslərdə strateji maraqları və gələcəyə baxışları bir çox istiqamətlərdə üst-üstə düşür. Azərbaycan–Özbəkistan münasibətlərinin güclənməsi hər iki dövlətin milli maraqlarına, suverenliyinin möhkəmlənməsinə və regional təhlükəsizliyə xidmət edir”.

Zaur Məmmədovun sözlərinə görə, müttəfiqlik statusu Bakı ilə Daşkənd arasındakı münasibətləri dostluq və strateji tərəfdaşlıq mərhələsindən daha yuxarı səviyyəyə çıxarır. O qeyd edib ki, Azərbaycan və Özbəkistan Avrasiyanın iki mühüm regionunu – Cənubi Qafqaz və Mərkəzi Asiyanı təmsil etdiyindən bu münasibətlərə yalnız ikitərəfli çərçivədə yanaşmaq doğru olmaz.

Özbəkistanlı politoloq Azamat Seitov da eyni xətti davam etdirərək münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsini iki ölkə arasında formalaşmış yüksək siyasi etimadın və praktiki əməkdaşlığın qanunauyğun nəticəsi kimi qiymətləndirir.

O hesab edir ki, Azərbaycan–Özbəkistan müttəfiqliyinin strateji əhəmiyyəti ikitərəfli münasibətlərdən xeyli kənara çıxır: “Azərbaycan Özbəkistan üçün Xəzər vasitəsilə Qafqaza, Türkiyəyə və Avropaya açılan ən mühüm körpülərdən birinə çevrilir. Buna görə də Azərbaycan–Özbəkistan müttəfiqliyi faktiki olaraq Mərkəzi Asiya – Xəzər – Cənubi Qafqaz – Avropa qarşılıqlı bağlantı sistemini gücləndirir, bütövlükdə regionun iqtisadi və nəqliyyat müstəqilliyini artırır”.

Beləliklə, həm Bakıdan, həm də Daşkənddən verilən ekspert qiymətləndirmələri Prezident İlham Əliyevin münasibətlərin “tamamilə yeni məzmun” qazanması barədə tezisinin arxasında daha geniş regional məntiqin dayandığını göstərir.

Zaur Məmmədov deyir ki, siyasi yaxınlaşmanın iqtisadi baza ilə möhkəmləndirilməsi müttəfiqliyin uzunmüddətli dayanıqlığı baxımından əsas şərtlərdən biridir: “Birgə müəssisələrin yaradılması, qarşılıqlı investisiyalar, tekstil və yüngül sənaye, kimya sənayesi, kənd təsərrüfatı, aqroparklar, nəqliyyat-logistika və anbar infrastrukturu perspektivli istiqamətlərdir. Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti də qarşılıqlı kapital qoyuluşlarının sistemli xarakter almasına imkan verir”.

Azamat Seitov isə növbəti mərhələdə əsas məqsədin sadəcə ticarət dövriyyəsini artırmaqdan ibarət olmamalı olduğunu düşünür. Onun fikrincə, Azərbaycan və Özbəkistan üçün daha strateji istiqamət üçüncü ölkələrin bazarlarına çıxışı təmin edən birgə istehsal layihələrinin yaradılmasıdır.

Özbək ekspert avtomobil istehsalı, tekstil, əczaçılıq, tikinti materialları, kənd təsərrüfatı məhsullarının emalı, tikinti, dağ-mədən sənayesi və energetikanı əməkdaşlığın daha böyük potensiala malik sahələri kimi göstərir.

Zaur Məmmədov da hesab edir ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında formalaşan “yaşıl enerji” tərəfdaşlığı regionun geoiqtisadi xəritəsini dəyişdirmək potensialına malikdir: “Mərkəzi Asiyada istehsal olunan bərpaolunan enerjinin Xəzər və Azərbaycan üzərindən Avropaya ötürülməsi perspektivi Azərbaycanın geoiqtisadi rolunu daha da artırır. Bu halda Azərbaycan yalnız neft və qaz ixracatçısı kimi deyil, Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarları ilə birləşdirən strateji enerji və tranzit qovşağı kimi çıxış edəcək”.

Azamat Seitov isə enerji əməkdaşlığının həm “yaşıl enerji”, həm də ənənəvi enerji sektorlarında böyük potensiala malik olduğunu vurğulayır. O, xüsusilə SOCAR-ın Ustyurt platosunda əməkdaşlığını qeyd edərək layihənin təxminən 2 milyard dollarlıq investisiya həcminə və böyük resurs potensialına malik olduğunu bildirir.

Onun sözlərinə görə, bu cür layihələrin strateji əhəmiyyəti yalnız enerji ehtiyatlarının hasilatı ilə ölçülmür. Yeni iş yerlərinin yaradılması, yerli şirkətlərin layihələrə cəlb edilməsi, mühəndis-texniki kadrların hazırlanması və infrastrukturun inkişafı bu əməkdaşlığa əlavə sosial-iqtisadi məzmun verir.

Zaur Məmmədov qeyd edib ki, Xəzər artıq ayırıcı deyil, birləşdirici coğrafi məkan rolunu oynamağa başlayıb: “Orta Dəhlizin inkişafı, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu və TRIPP kimi bağlantı layihələrinin perspektivdə bir-birini tamamlaması Avrasiyanın mərkəzində yeni Şərq–Qərb kommunikasiya arxitekturasının formalaşmasına imkan verir”.

Azamat Seitov da bu layihələrin əlaqələndirilməsini Özbəkistan üçün strateji əhəmiyyətli hesab edir: “Nəticədə Çin – Mərkəzi Asiya – Xəzər – Cənubi Qafqaz – Türkiyə – Avropa istiqamətində daha qısa və şaxələndirilmiş quru nəqliyyat zənciri formalaşır”.

Onun fikrincə, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun ildə 15 milyon tona qədər yük daşımaq imkanına malik olması, Çindən Avropaya daşınma məsafəsinin bir neçə min kilometr, müddətin isə təxminən bir həftə azalması Özbəkistanın xarici bazarlara çıxışını ciddi şəkildə genişləndirə bilər.

Ekspert TRIPP-i də bu arxitekturanın davamı kimi qiymətləndirir. O vurğulayıb ki, Azərbaycanın əsas ərazisini Naxçıvanla, daha sonra Türkiyə ilə birləşdirəcək xətt Orta Dəhlizə əlavə bağlantı yaradaraq Özbəkistanın Asiya ilə Avropa arasında tranzit mövqeyini gücləndirə bilər.

Zaur Məmmədov sözlərinə görə, “C6” formatına yalnız diplomatik termin kimi yanaşmaq olmaz, faktiki olaraq Avrasiyanın orta xəttində Cənubi Qafqaz–Mərkəzi Asiya tandeminin formalaşmasından söhbət gedir. Belə ki, Azərbaycanın bu prosesdə iştirakı regionlararası bağlantıları gücləndirir, eyni zamanda türk dövlətlərinin inteqrasiyasına yeni siyasi və iqtisadi məzmun qazandırır.

Azamat Seitovun yanaşması da bu fikirlə üst-üstə düşür. O hesab edir ki, burada sadəcə “C5”in mexaniki şəkildə “C6”ya çevrilməsi baş verməyib: “Mən bunu regional əməkdaşlıq məkanının keyfiyyətcə genişlənərək “Mərkəzi Asiya-Azərbaycan” formatına keçməsi kimi qiymətləndirirəm”.

Özbək politoloq diqqətə çatdırıb ki, Azərbaycanın qoşulması nəticəsində Mərkəzi Asiya Cənubi Qafqaz, Xəzər, Türkiyə və Avropaya daha sistemli siyasi və iqtisadi çıxış əldə edir. Eyni zamanda sənaye, investisiya və enerji kooperasiyası üçün yeni imkanlar yaranır, regional maraqların beynəlxalq platformalarda daha koordinasiyalı şəkildə irəli sürülməsi mümkün olur.

Azamat Seitov onu da bildirib ki, Bakı–Daşkənd müttəfiqliyi TDT-də praktiki inteqrasiyanın əsas hərəkətverici qüvvələrindən birinə çevrilə bilər: “Siyasi sahədə iki ölkənin mövqelərinin yaxınlığı TDT-nin beynəlxalq rolunun artırılmasına yönəlmiş razılaşdırılmış təşəbbüslərin daha fəal şəkildə irəli sürülməsinə imkan verir”.

Onun sözlərinə görə, sənaye kooperasiyası, qarşılıqlı investisiyalar, Türk Dövlətlərinin Sənaye Alyansının yaradılması, “Türk yaşıl dəhlizləri” sistemi və Mərkəzi Asiyanın “yaşıl enerjisi”nin Xəzər üzərindən Avropaya ötürülməsi TDT-ni siyasi-mədəni platformadan daha geniş iqtisadi və geoiqtisadi əməkdaşlıq məkanına çevirə bilər.

Bu nöqtədə Bakı–Daşkənd münasibətlərinin strateji mənası daha aydın görünür. Azərbaycan Cənubi Qafqaz və Türkiyə istiqamətində çıxış imkanları, Xəzər infrastrukturu, enerji marşrutları və Avropa ilə bağlantıları ilə Mərkəzi Asiya üçün mühüm qərb qapısıdır. Özbəkistan isə əhalisi, iqtisadi potensialı, sənaye imkanları və Mərkəzi Asiyanın mərkəzindəki mövqeyi ilə Azərbaycanın şərq istiqamətində strateji tərəfdaşlarından biridir.

Azərbaycan–Özbəkistan münasibətləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı Mərkəzi Asiya Orta Dəhliz TDT

Mənbə: apa.az

Xəbər Lenti