IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib

Tarix: 01.06.2024 17:57

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Sevincini bölüş” kampaniyası çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti aksiya keçirilib.

APA xəbər verir ki, IDEA-nın təşəbbüsü ilə şəhərin müxtəlif yerlərində qoyulmuş oyuncaq ianə qutularından toplanan istifadəyə yararlı oyuncaqlar həssas qruplardan olan uşaqlara mütəmadi olaraq təqdim edilir.

“1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə təşkil olunan aksiya çərçivəsində sözügedən qutulara toplanılan oyuncaqlardan ibarət hazırlanan 61 ədəd hədiyyə qutuları “Ümid yeri” uşaq sığınacağının azyaşlı sakinlərinə paylanılıb.

IDEA İctimai Birliyi xüsusi qayğıya ehtiyacı olan uşaqların sevincinə səbəb olan, onlara təbəssüm bəxş edən, bayram ab-havası yaradan bu təşəbbüsə dəstək verən və kampaniyanın uğurla həyata keçməsində fəal olan hər bir iştirakçıya minnətdarlığını bildirir. Məlum olduğu kimi, IDEA İctimai Birliyi tullantıların azaldılması, təkrar istifadəsi və təkrar emalına xüsusi önəm verir, bu istiqamətdə geniş miqyaslı təbliğat və təşviqat tədbirləri, kağız və plastik tullantıların, işlənmiş batareyaların toplanaraq təkrar emala göndərilməsi, eləcə də geyim əşyalarının toplanaraq təkrar istifadəyə göndərilməsi üzrə sosial layihələr həyata keçirir.

Digər məhsullar kimi, yüksək tələbata malik olan oyuncaqların da tullanması və çürüməsi ətraf mühitə zərərsiz ötüşmür. Bu, həm tullanılan məhsulların çürüməsi zamanı təbiətə buraxılan zəhərli maddə və qazlar, həm də yeni məhsulların istehsalından irəli gələn zərər ilə bağlıdır.

Bu xüsusda, IDEA İctimai Birliyi şəhərimizin sakinlərini öz “sevincini bölüşməyə”, evlərində olan istifadəsiz, yararlı və saf qalan oyuncaqlarını tullamaq əvəzinə IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan uşaqlara öz yardım əlini uzatmağa, eyni zamanda həmin oyuncaqlara “ikinci həyat” verməklə təbiətə vurulan zərəri azaltmağa çağırır. İanə edilən oyuncaqların qutulara atmaqdan öncə təmizlənməsi, qutulara kənar əşyalar və ya tullantılar atılmaması xahiş edilir.

Qeyd edək ki, “Sevincini bölüş” oyuncaq ianə qutuları paytaxt ərazisindəki “Dəniz” Mall, “Gənclik” Mall, “28 Mall”, “Zefir” Mall ticarət mərkəzlərində yerləşir.

Xəbər Lenti