- Çərşənbə, 25 Dekabr, 2024
Tarix: 02.06.2024 07:04
İyunun 2-də Dövlət İmtahan Mərkəzi (DİM) Mədəniyyət Nazirliyi ilə birgə musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçirir.
DİM-dən APA-ya bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 5 binada təşkil olunacaq. İmtahan vermək üçün 1044 namizəd (106 nəfər direktor, direktor müavini, 938 nəfər isə müəllim vəzifəsinə işə qəbul) qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 12 imtahan rəhbəri, 102 nəzarətçi, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.
İmtahanda 5 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil) namizəd də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Bütün binalarda imtahan saat 10:00-da başlanacaq. Saat 09:45-dən sonra gələn şəxslər imtahana buraxılmayacaq. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir.
Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
-Şəxsiyyəti təsdiq edən sənədin əsli;
-İmtahana buraxılış vərəqəsi.
Musiqi istiqaməti üzrə imtahan verən iştirakçılar özləri ilə mütləq HB sərtliyində sadə karandaş, qələmyonan və pozan gətirməldirlər.
İmtahan müddəti direktor və direktor müavinlərinin işə qəbulu imtahanında 3 saat, müəllimlərin işə qəbulu imtahanında isə 2 saatdır.
Direktor və direktor müavinlərinin imtahanında namizədlərə 100, müəllimlərin imtahanında isə 70 test tapşırığı təqdim olunur. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar ümumi nəticəyə təsir göstərmir.