Cümə, 23 Yanvar, 2026
Tarix: 07 Dec 2023 12:13
Azərbaycanla Britaniya arasında illik ticarət əlaqələri 1,3 milyard funt sterlinq dəyərindədir.
“APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasında Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malcolm Offord deyib.
“Hər iki ölkədə təsərrüfat subyektləri üçün ticarətin sürətləndirilməsi və sadələşdirilməsi yolu ilə bu rəqəmi artırmaq əzmindəyik. Hökumətlərarası Birgə Komissiya ticarət və investisiya artımının daha çox və daha sürətlə stimullaşdırılması yollarını müzakirə etmək üçün platforma rolunu oynayır", - nazir qeyd edib.
İclasda Hökumətlərarası Komissiyanın 5-ci iclasından ötən dövr ərzində görülmüş işlər nəzərdən keçirilib, iki ölkə arasında biznes mühiti, enerji keçidi, səhiyyə, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat, mina fəaliyyəti və itkin düşmüş şəxslərin müəyyən edilməsi, təhsil, kənd təsərrüfatı, qida təhlükəsizliyi, ətraf mühit və iqlim dəyişikliyi sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb.
İclasın sonunda Azərbaycan - Böyük Britaniya Hökumətlərarası Komissiyanın 6-cı iclasının yekununa dair Protokol və Azərbaycanın “Bridge” şirkətlər qrupu ilə Britaniyanın “Concrete Canvas Limited” şirkəti arasında Eksklüziv Distribütorluq Müqaviləsi imzalanıb.
Komissiyanın 7-ci iclasının 2024-cü ildə London şəhərində keçirilməsi razılaşdırılıb.