- Çərşənbə axşamı, 24 Dekabr, 2024
Tarix: 05.06.2024 18:40
İyunun 5-də Baş prokuror Kamran Əliyev ölkəmizdə “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları ilə görüşüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikasından olan qonaqları salamlayan Baş prokuror tarixi bağları və ortaq dəyərləri olan qardaş və dost türk dövlətlərinin müxtəlif qurumları, o cümlədən prokurorluq orqanları arasında əlaqələrin gücləndirilməsinin önəmli olduğunu bildirib.
Kamran Əliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə qonaqları məlumatlandırıb.
2021-ci ilin noyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatının Baş Prokurorlar Şurasının yaradılmasının bu istiqamətdə atılan mühüm addımlardan biri olduğu vurğulanıb. Şuranın üzv ölkələrin hüquq mühafizə orqanları arasında əməkdaşlığı daha da dərinləşdirəcək və effektiv fəaliyyət göstərmələrinə imkan verəcəyi qeyd olunub.
Baş prokuror böyük coğrafiyanı əhatə edən türk dünyasının hüquq mühafizə orqanlarının akademik dairələri arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmaqla, keçirilmiş konfransın müasir zamanın tələblərinə uyğun hüquq tətbiqetmə sahəsində rəqəmsallaşma üçün çağırışlara tutarlı cavab verməyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirib.
Konfrans iştirakçıları dövlətlərimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinə böyük önəm verdiklərini, peşəkar platformada, o cümlədən elm-tədris sahəsində əməkdaşlığın vacibliyini qeyd ediblər. Qonaqlar Baş Prokurorluğun Tarix muzeyində olub, Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan, həmçinin Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu özündə əks etdirən guşə və eksponatlarla tanış olublar. Sonda xatirə fotosu çəkilib.