Cümə, 4 Sentyabr, 2026
Tarix: 03 Sep 2026 23:45
Britaniyanın “Wayve” şirkətinin hazırladığı pilotsuz taksiləri Londonda “Uber” tətbiqi vasitəsilə sifariş etmək mümkün olub.
“The Times”ın məlumatına görə, hazırda sərnişin daşımağa 15 avtomobil cəlb edilib. Xidmətə marağın yüksək olması səbəbindən robotaksi sifariş etmək istəyən istifadəçilər virtual növbəyə qoşulmalıdırlar.
Sərnişinlərə radar və çoxsaylı kameralarla təchiz edilmiş elektrik mühərrikli “Ford Mustang Mach-E” avtomobilləri xidmət göstərir.
Bununla belə, avtomobillərdə hələlik sürücü də olacaq. Buna səbəb “Wayve” şirkətinin Londonda tamamilə sürücüsüz robotaksilərdən istifadə üçün müvafiq icazəyə malik olmamasıdır.
Şirkət avtomobildəki sürücünü “təhlükəsizlik operatoru” adlandırır. Operator sükanı idarə etməsə də, zərurət yarandığı halda avtomobilin idarəetməsini öz üzərinə götürməyə hazır olmalıdır.
“The Times”ın robotaksini sınaqdan keçirən müxbirinin sözlərinə görə, təhlükəsizlik operatoru səfər boyunca danışmamalıdır ki, sərnişində tam sürücüsüz avtomobildə olduğu təəssüratı yaransın.
Lakin səfərin əvvəlində operator sərnişinə qısa təlimat verir və tələb olunduğu halda idarəetməni öz üzərinə götürə biləcəyini bildirir. Bunun üçün avtomobilin mərkəzi konsolunda böyük qırmızı düymə də yerləşdirilib.
London robotaksi Wayve Uber
Mənbə: apa.az