- Çərşənbə, 25 Dekabr, 2024
Tarix: 10.06.2024 19:26
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Zəngilan, Bakı-Laçın, Mingəçevir-Laçın, Horadiz-Laçın, Xocalı-Laçın, Xankəndi-Laçın, Xankəndi-Bərdə, Xankəndi-Malıbəyli, Xankəndi-Şuşa, Xocalı-Şuşa, Naftalan-Suqovuşan şəhərlərarası və rayonlararası avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Bu barədə APA-ya AYNA-dan bildirilib.
Məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 9 iyul saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edilib ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Laçın (Zəfər yolu), Bakı-Laçın (Bərdə-Ağdam yolu), Bakı-Zəngilan (Ağalı kəndi), Mingəçevir-Laçın və Horadiz-Laçın istiqamətlərində 5 Lot üzrə iyulun 26-da;
Xankəndi-Bərdə, Xocalı-Şuşa, Xankəndi-Şuşa və Xankəndi-Malıbəyli istiqamətlərində 4 Lot üzrə iyulun 30-da;
Xankəndi-Laçın, Xocalı-Laçın, Naftalan-Suqovuşan istiqamətlərində 3 Lot üzrə avqustun 2-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz. Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.