- Çərşənbə, 25 Dekabr, 2024
Tarix: 11.06.2024 11:03
Bu gün ABB-nin səhmlərinə abunə yazılışı başlanılıb. Bankın 322 milyon ədəd səhmi satışa çıxarılıb.
"APA-Economics" xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
"Emissiya prosesi başa çatdıqdan sonra da Azərbaycan dövləti yenə Bankımızın əsas böyük səhmdarı kimi qalacaq. Banka iri özəl investorların deyil, məhz kiçik pay sahibi olan investorların cəlb edilməsinə üstünlük verilir. Çünki məqsəd daha çox vətəndaşımızın ABB-də pay sahibi olub alternativ investisiya fürsətlərindən faydalana bilməsidir. Bunun ölkəmizin qiymətli kağızlar bazarına əhəmiyyətli müsbət təsirləri olacaq" - ABB sədri qeyd edib.
O əlavə edib ki, ABB ölkənin və regionun ən gəlirli kommersiya qurumlarındandır. Bank illik mənfəətindən səhmdarlarına davamlı şəkildə dividendlər ödəyir. Son üç il üzrə dividend ödənişinin məbləği 2022-cü ildə 125 milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə 185 milyon manat olub. Bu il ABB-nin səhmlərinin illik dividend gəlirliliyi 15,1%-ə yüksəlib.
Qeyd edək ki, ABB-nin kütləvi şəkildə buraxdığı bir səhmin qiyməti 27 qəpikdir. Abunə yazılışı dövründə vətəndaşlar sifarişlərini 27 qəpik, yaxud daha yuxarı qiymətlə təqdim edə bilərlər. Bir vətəndaş minimum 100 ədəd, maksimum 75 000 ədəd ABB səhmi sifariş verə bilər. Abunə yazılışı 3 ay davam edəcək. Bankın səhmlərinə abunə yazılışını ABB mobile tətbiqindəki "İnvestisiya" bölməsindən, ABB-nin bütün filiallarından, həmçinin, səhmlərin emissiyasının anderrayteri olan "ABB İnvest" və ölkəmizdəki digər investiya şirkətləri vasitəsilə həyata keçirmək olar.