Çərşənbə, 16 Sentyabr, 2026
Tarix: 16 Sep 2026 19:05
Rusiya İranın ABŞ obyektlərinə zərbələr endirməsi üçün kəşfiyyat məlumatları ötürüb.
APA xəbər verir ki, bu barədə CNN iki amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.
Məlumata görə, Rusiya İranın Yaxın Şərqdəki ABŞ hərbi obyektlərini daha effektiv hədəfə alması üçün kəşfiyyat məlumatları təqdim edib. Bildirilir ki, İran tərəfi xüsusilə peyk kəşfiyyatı məlumatları əldə edib və bu məlumatlardan ehtimal ki, hədəflərin müəyyənləşdirilməsi və zərbələrin hazırlanması zamanı istifadə olunub.
CNN-in məlumatına görə, bu hədəflər arasında Səudiyyə Ərəbistanındakı strateji əhəmiyyətli “Prince Sultan” aviabazası da olub. İranın martın 27-də həmin bazaya endirdiyi zərbə nəticəsində ABŞ-ın AWACS radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi zədələnib, 12 amerikalı hərbçi yaralanıb.
Telekanalın ekspertlərlə birlikdə apardığı təhlilə əsasən, Rusiya peyklərindən 10-dan çoxu hücumdan iki gün əvvəl aviabaza üzərindən keçib. Ekspertlər hesab edir ki, eyni ərazi üzərində çoxsaylı peyklərin hərəkəti obyekt barədə geniş məlumat toplamağa imkan verib.
Bildirilib ki, peyklər vasitəsilə yalnız adi görüntülər deyil, həmçinin radio və radiolokasiya siqnallarının ələ keçirilməsi, istilik izlərinin xəritələndirilməsi kimi digər kəşfiyyat məlumatlarının da əldə edilməsi mümkün olub.
CNN-in mənbələri iddia edir ki, Rusiya İran üçün regiondakı digər ABŞ hərbi obyektləri, o cümlədən Ər-Riyaddakı MKİ bazası barədə də kəşfiyyat məlumatları toplayıb və ötürə bilərdi.
Qeyd edək ki, Pentaqon daha əvvəl İranla müharibə zamanı Yaxın Şərqdəki ABŞ bazaları və hərbi texnikasına dəyən zərərlə bağlı ilk rəsmi hesabatını açıqlayıb. Hesabatda regiondakı ABŞ obyektlərində yüzlərlə zədələnmiş və məhv edilmiş elementin olduğu, həmçinin əsas sursat ehtiyatlarında azalma yaşandığı bildirilib. ABŞ diplomatik obyektlərinə dəymiş zərərin təxminən 184 milyon dollar olduğu qeyd olunub.
İran ABŞ RusiyaMənbə: apa.az