İşğala göz yuman beynəlxalq hüquq: Azərbaycan 30 ildən sonra ədaləti özü bərpa etdi - TƏHLİL

İşğala göz yuman beynəlxalq hüquq: Azərbaycan 30 ildən sonra ədaləti özü bərpa etdi - TƏHLİL

Tarix: 17 Sep 2026 11:52

Qarabağ münaqişəsinin 30 illik tarixi həm də beynəlxalq hüququn icrası ilə siyasi maraqlar arasındakı ziddiyyətin göstəricisidir. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınsa da, BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul edilsə də, işğala son qoyulmadı, Ermənistanı geri çəkilməyə məcbur edəcək sanksiyalar tətbiq olunmadı. Nəticədə, beynəlxalq hüquqla təsbit edilmiş ədalət anlayışı real siyasi təminatını tapmadı, uzunmüddətli danışıqlar isə status-kvonu dəyişmədi.

Prezident İlham Əliyevin sentyabrın 15-də Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşdə səsləndirdiyi fikirlər də bu baxımdan yalnız Qarabağ münaqişəsinin keçmişinə verilən siyasi qiymət deyil, beynəlxalq sistemdə hüququn seçici tətbiqi, vasitəçilik institutlarının məsuliyyəti və böyük güclərin geosiyasi maraqları ilə bağlı daha geniş siyasi müzakirənin ifadəsi kimi qəbul olunmalıdır.

Dövlət başçısı danışıqların nəticəsizliyini yalnız Ermənistanın mövqeyi ilə deyil, ona verilən siyasi, iqtisadi və hərbi dəstəklə də əlaqələndirib: “Bildiyiniz kimi, 30 il davam edən danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistanı dəstəkləyən böyük sayılan dövlətlər isə məsələni həll etmək yox, uzatmaq və bu işğalı əbədi etmək istəyirdi. Bu dövlətlər Ermənistana hərbi, iqtisadi, siyasi dəstək verərək faktiki olaraq işğalçını mükafatlandırırdı”.

Məhz burada 30 illik prosesin əsas siyasi ziddiyyəti meydana çıxır: Azərbaycanın ərazi bütövlüyü tanınırdı, işğalın aradan qaldırılmasını nəzərdə tutan beynəlxalq sənədlər vardı, lakin onların icrası üçün siyasi iradə ortaya qoyulmurdu. Ermənistan isə işğal siyasətinin davam etdirilməsinə görə onu bu siyasətdən çəkindirəcək siyasi və iqtisadi nəticələrlə üzləşmirdi.

Bu mənada ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticəsiz vasitəçiliyin nümunəsinə çevrildi. ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə aparılan danışıqlar təxminən üç onillik ərzində işğala son qoymadı. Danışıqlar uzandıqca isə mövcud status-kvo da qorunurdu.

Azərbaycan, nəhayət, 2020-ci ildə həmin status-kvonu dəyişdirdi. Prezident İlham Əliyevin sentyabrın 15-də səsləndirdiyi fikir Bakının bu prosesə verdiyi siyasi qiyməti aydın ifadə edir: “Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi”.

Beləliklə, beynəlxalq mexanizmlərin 30 il ərzində təmin edə bilmədiyi nəticə Azərbaycanın öz gücü hesabına əldə edildi. 2020-ci ildə ərazilərin böyük hissəsinin işğaldan azad edilməsi, 2023-cü ildə isə ölkənin bütün ərazisində suverenliyin təmin olunması ilə Qarabağ münaqişəsinə son qoyuldu, regionda reallıq dəyişdi.

Prezident çıxışında bunu yalnız hərbi nəticə deyil, hüququn və milli ləyaqətin bərpası kimi təqdim edib: “Onların canı-qanı bahasına, qəhrəman övladlarımızın fədakarlığı hesabına biz öz ədalətimizi, hüququmuzu və milli ləyaqətimizi bərpa etdik. İşğalçıları torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qaldırdıq, separatçılığa son qoyduq”.

Müharibədən sonrakı mərhələ isə başqa bir siyasi ziddiyyəti ortaya çıxardı. Bakı AŞPA və Avropa Parlamentinin Azərbaycana münasibətini dəfələrlə ikili standartlar kimi qiymətləndirib. Azərbaycanın irəli sürdüyü arqument ondan ibarətdir ki, Ermənistanın işğalı dövründə ona qarşı tətbiq edilməyən sərt siyasi mexanizmlər Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra Bakıya münasibətdə gündəmə gətirildi.

Beləliklə, fundamental sual yaranır: əgər ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsiplərindəndirsə, Azərbaycanın bu hüququnun təmin edilməsi niyə 30 il ərzində bəyanatlar və icrasız qərarlar səviyyəsində qaldı? Niyə işğal Ermənistana real siyasi nəticələr yaratmadı, lakin Azərbaycan suverenliyini bərpa etdikdən sonra bəzi beynəlxalq institutların təzyiqləri ilə üzləşdi?

Prezidentin güc amili ilə bağlı fikirləri də bu tarixi təcrübənin fonunda xüsusi siyasi məna daşıyır: “Hər kəs görür ki, bu gün dünya tamamilə dəyişib və güc amili ön plana çıxıb. “Kim güclüdür, o da haqlıdır” prinsipini biz ortaya atmamışıq. Amma biz mövcud olan reallıqlarla gərək hesablaşaq və təbii ki, hesablaşırıq”.

Bununla belə, Bakı hərbi gücü sülh gündəliyinin alternativi kimi təqdim etmir. Prezident Ermənistanla Azərbaycan arasında sülh prosesinin getdiyini və Azərbaycanın uzunmüddətli sülhdə maraqlı olduğunu vurğulayıb. Bununla belə, Prezident diqqətə çatdırdı ki, Bakı üçün sülh keçmişin unudulması demək deyil: “Bəli, bu gün sülh var və müharibə dayanıb. Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və əminəm ki, bu, uzunmüddətli olacaq. Hər halda Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir. Ancaq biz bizə qarşı, xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq”.

Qarabağ məsələsinin 30 illik təcrübəsi göstərdi ki, beynəlxalq hüquq siyasi iradə ilə tamamlanmadıqda onun prinsipləri uzun müddət kağız üzərində qala bilir. Azərbaycanın ərazi bütövlüyü mübahisələndirilməsə də, bu hüququn faktiki təminatı beynəlxalq mexanizmlər vasitəsilə baş vermədi. Prezident İlham Əliyevin çıxışının siyasi mahiyyəti də məhz buradan qaynaqlanır: Azərbaycan illərlə gözlədiyi nəticəni sonda özü təmin etdi və bununla təkcə ərazi bütövlüyünü bərpa etmədi, həm də ona qəbul etdirilməyə çalışılan status-kvonu dəyişdirdi. Bu mənada Qarabağ təcrübəsi Bakı üçün keçmişin yekunu ilə yanaşı, gələcək dövlət siyasətinin mühüm dərsidir: Suverenliyin ən etibarlı təminatı dövlətin onu qoruması, zərurət yarandıqda isə bərpa etmək imkanına malik olmasıdır.

Faiq Mahmudov Qarabağ Azərbaycan İlham Əliyev Ermənistan işğal beynəlxalq hüquq ərazi bütövlüyü suverenlik ATƏT-in Minsk qrupu ədalət

Mənbə: apa.az

Xəbər Lenti