Deputat: Enerji effektivliyi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır

Deputat: Enerji effektivliyi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır

Tarix: 22 Sep 2026 11:47

Enerji effektivliyi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır.

APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fatma Yıldırım bildirib.

Deputat deyib ki, təbii ehtiyatların səmərəli idarə olunması, enerji təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin qorunması bu gün dövlət siyasətinin bir-biri ilə sıx bağlı olan əsas istiqamətlərindəndir: “2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin fəaliyyəti ilə bağlı hesabatı dinlədik. Hesabatdan da göründüyü kimi, ötən dövr ərzində komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq mühüm qanun layihələri və aktual məsələlər müzakirəyə çıxarılıb. 2026-cı ilin yaz sessiyasının ilk iclasından başlayaraq komitənin gündəliyində mühüm qanunvericilik məsələləri olub. Bu məsələlər arasında xüsusilə təbii ehtiyatlardan istifadə, enerji resurslarının səmərəliliyi və ekoloji tələblərin təkmilləşdirilməsi ilə bağlı müddəalar diqqət çəkir. Bu istiqamətdə qanunvericiliyin müasir iqtisadi və ekoloji çağırışlara uyğunlaşdırılması davamlı proses olmalıdır. Burada bir məqamı xüsusi vurğulamaq istərdim. Azərbaycanın enerji siyasəti artıq yalnız ənənəvi enerji resurslarının hasilatı və ixracı ilə məhdudlaşmır. Ölkəmiz bərpa olunan enerji mənbələrinin inkişafını, enerji səmərəliliyini və yaşıl iqtisadiyyata keçidi də strateji istiqamət kimi müəyyən edib. Komitənin qanunvericilik fəaliyyəti də bu yeni mərhələnin tələblərinə uyğun şəkildə formalaşır. Eyni zamanda komitənin fəaliyyəti yalnız qanun layihələrinin müzakirəsi ilə məhdudlaşmır. İctimai müzakirələr, aidiyyəti dövlət qurumları və mütəxəssislərlə fikir mübadiləsi də qanunvericilik prosesinin keyfiyyətinə öz töhfəsini verir. Əvvəlki fəaliyyətimizdə enerji səmərəliliyi, yaşıl enerji, meşə fondunun idarə olunması, biomüxtəlifliyin qorunması kimi məsələlərə xüsusi diqqət yetirilməsi də bunun göstəricisidir. Qarşıdakı dövrdə də əsas məqsədimiz qəbul olunan qanunların yalnız hüquqi baxımdan təkmil olması ilə kifayətlənməməli, onların praktikada effektiv tətbiqinə də diqqət yetirilməlidir. Çünki bizim müzakirə etdiyimiz məsələlər birbaşa olaraq iqtisadiyyatımıza, enerji təhlükəsizliyimizə, sahibkarlıq mühitinə və ətraf mühitə təsir göstərir. Bu baxımdan, komitənin yaz və növbədənkənar sessiyalar dövründə gördüyü işləri əhəmiyyətli hesab edirəm. Qarşıdakı dövrdə də qanunvericilik təşəbbüslərinin hazırlanması və müzakirəsi zamanı həm dövlət maraqlarının, həm iqtisadi inkişafın, həm də ekoloji təhlükəsizliyin balanslı şəkildə nəzərə alınması vacibdir.”.

Günay Elşən Fatma Yıldırım Enerji effektivliyi

Mənbə: apa.az

Xəbər Lenti