Çərşənbə axşamı, 6 Oktyabr, 2026
Tarix: 05 Oct 2026 22:35
Nepal hakimiyyəti ölkə tarixinin ən dağıdıcı daşqını nəticəsində həlak olanların və itkin düşənlərin axtarışı üzrə əməliyyatları mərhələli şəkildə başa çatdırır.
“Reuters”in məlumatına görə, qərar Baş nazir Balendra Şahın sədrliyi ilə keçirilən Təbii Fəlakət Risklərinin Azaldılması üzrə Milli Şuranın iclasında qəbul edilib.
Baş nazir bildirib ki, avqustun 26-da baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin mümkün qədər tez yekunlaşdırılması üçün mövcud resurslar və canlı qüvvə səfərbər ediləcək.
Şura Maliyyə Nazirliyinə daşqından zərər çəkmiş ərazilərdə 504 yenidənqurma və reabilitasiya proqramının həyata keçirilməsi, həmçinin təbii fəlakətlər barədə erkən xəbərdarlıq sisteminin inkişafı üçün 3,6 milyard dollar ayrılmasını təsdiqləməyi tövsiyə edib.
Məlumata görə, xərclərin əsas hissəsinin infrastruktura yönəldilməsi nəzərdə tutulur. Elektrik şəbəkəsinin və zədələnmiş 13 su elektrik stansiyasının bərpasına 2,56 milyard dollardan çox, dağıdılmış avtomobil yolları və körpülərin təmiri və yenidən qurulmasına isə 481 milyon dollardan artıq vəsait ayrılması planlaşdırılır.
Avqustun 26-da Nepalın şimalında güclü daşqın baş verib. Təbii fəlakətə Çinlə sərhəddə yerləşən “Rasuvagadhi” sərhəd-keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə qar uçqununun düşməsinin səbəb olduğu bildirilir. Dağ süxurları və sel axını çay yatağı boyunca 70 kilometrdən çox məsafə qət edərək yaşayış məntəqələrini dağıdıb və geniş əraziləri su altında qoyub.
Daşqın nəticəsində 1 455 nəfər həlak olub, 5 285 nəfər itkin düşüb. İtkin düşənlər arasında 589 xarici turistin olduğu bildirilir. Fəlakət zonasından 13 795 nəfər xilas edilib.
Nepal daşqın təbii fəlakət axtarış
Mənbə: apa.az