Çərşənbə, 14 Oktyabr, 2026
Tarix: 13 Oct 2026 20:55
Niderlandda avtomobil və dəmir yollarının bir çox hissəsi NATO-nun irimiqyaslı hərbi daşımalar üçün müəyyən etdiyi tələblərə cavab vermir. Mövcud infrastrukturun modernləşdirilməsi üçün təxminən 9,5 milyard avro vəsait tələb olunur.
APA xəbər verir ki, bu barədə Niderlandın Hesablama Palatasının hesabatında bildirilib.
Qeyd olunub ki, tələb olunan məbləğin təxminən 5 milyard avrosu birbaşa NATO-nun texniki standartlarının yerinə yetirilməsinə yönəldilməlidir. İnfrastrukturun texniki xidmətində yığılıb qalmış problemlər və maliyyə çatışmazlığı vəziyyəti daha da çətinləşdirir.
Hazırda bəzi körpülərdə nəqliyyat vasitələrinin sürətinə və çəkisinə məhdudiyyətlər tətbiq olunur. Bundan başqa, müəyyən ərazilərdə yolötürücülərin hündürlüyünün kifayət etməməsi hərbi texnikanın daşınmasına maneələr yaradır. Belə hallarda hərbi karvanlar alternativ marşrutlardan istifadə etməyə məcbur qalırlar.
NU.nl portalının məlumatına görə, Şimal dənizi sahilində yerləşməsi və çoxsaylı limanlara malik olması Niderlandı NATO-nun Avropa daxilində hərbi texnika daşımaları üçün mühüm tranzit məntəqəsinə çevirir.
2023-cü ildə Avropa İttifaqı səviyyəsində hərbi daşımaların həyata keçirilməli olduğu marşrutlar və nəqliyyat dəhlizləri müəyyən edilib.
NATO qarşısındakı öhdəliklərinə əsasən, Niderland təkcə öz qoşunlarının və hərbi texnikasının deyil, müttəfiq ölkələrin qüvvələrinin də daşınmasını təmin etməlidir.
Lakin nəşrin məlumatına görə, ölkənin Müdafiə Nazirliyi artıq yükün həddindən artıq ağır olması səbəbindən müttəfiqlərdən birinin daşınma müraciətini rədd etmək məcburiyyətində qalıb.
Niderland NATO hərbi logistika avtomobil yolları dəmir yolları infrastruktur 9 5 milyard avro
Mənbə: apa.az