Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

Tarix: 14 Oct 2026 00:31

Böyük Britaniya oktyabr ayında Folklend (Malvin) adalarına nəzarətin hərbi yolla geri qaytarılması ssenarisi üzrə təlim keçirib.

Bu barədə “The Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, altı gün davam edən təlimlərə Britaniya paraşüt alayının 150 hərbçisi və Folklend Adaları Müdafiə Qüvvələrinin 100 ehtiyatda olan hərbi qulluqçusu cəlb edilib.

Hərbçilər HMS Medway patrul gəmisi ilə arxipelaqın ən böyük adası olan Şərqi Folklendə yaxınlaşaraq rezin qayıqlarla San-Karlos körfəzi sahilinə çıxıblar. Daha sonra gecə saatlarında 32 kilometr məsafə qət edərək səhər tezdən şərti düşmənin rabitə məntəqəsinə hücum həyata keçiriblər.

Əməliyyata Britaniya Hərbi Hava Qüvvələrinin “Typhoon” qırıcıları havadan dəstək verib.

Təlimlərin əsasında 1982-ci ildə Folklend müharibəsi zamanı Britaniya qüvvələrinin həyata keçirdiyi “Sutton” desant əməliyyatı dayanıb.

Nəşr qeyd edib ki, bu, son illərdə adaların müdafiəsi üzrə keçirilən ilk belə təlimdir. Təlimlər Argentinanın arxipelaqın mənsubiyyəti ilə bağlı bəyanatlarının sərtləşdiyi dövrə təsadüf edib.

Xatırladaq ki, Folklend adaları təxminən 200 ildir Argentina ilə Böyük Britaniya arasında ərazi mübahisəsinin predmetidir. 1982-ci ildə tərəflər arasında baş vermiş müharibədə 649 argentinalı və 255 britaniyalı hərbçi həlak olub.

2013-cü ildə keçirilən referendumda ada sakinlərinin böyük əksəriyyəti Britaniyanın tərkibində qalmağa səs versə də, Argentina nəticələri tanımayıb.

Böyük Britaniya Argentina Folklend adaları hərbi təlimlər The Times

Mənbə: apa.az

Xəbər Lenti