Çərşənbə, 21 Oktyabr, 2026
Tarix: 21 Oct 2026 11:13
Azərbaycan Ümumi Tranzit Konvensiyasına qoşulmaqla bir sıra üstünlüklər əldə edə bilər.
APA xəbər verir ki, bunu Ümumdünya Ticarət Təşkilatının (ÜTT) eksperti Marius Bordalba Azərbaycan–Avropa İttifaqı Biznes Forumunda deyib.
O bildirib ki, Azərbaycanda sağlam biznes mühitinin formalaşdırılması və iqtisadi inkişafın dəstəklənməsi məqsədilə ticarət siyasəti, keyfiyyət infrastrukturu və rəqəmsal transformasiya istiqamətlərində bir sıra fəaliyyətlər həyata keçirilir.
Ekspertin sözlərinə görə, layihə çərçivəsində İqtisadiyyat Nazirliyinə elektron ticarətin tənzimləyici çərçivəsinin qiymətləndirilməsində dəstək göstərilir. Bu prosesin məqsədi mövcud qanunvericilikdəki boşluqları müəyyənləşdirmək və yeni hüquqi tənzimləmələrin hazırlanmasına ehtiyacı qiymətləndirməkdir.
Marius Bordalba qeyd edib ki, elektron ticarət sahəsində aparılan qiymətləndirmələrə dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri, o cümlədən onlayn ticarət platformaları, banklar, ödəniş təşkilatları, logistika operatorları və istehlakçı təşkilatları cəlb olunur.
O, həmçinin, Dövlət Gömrük Komitəsinə Ümumi Tranzit Konvensiyasına qoşulmaq istiqamətində dəstək göstərildiyini bildirib.
Ekspertin sözlərinə görə, Azərbaycanın Konvensiyaya qoşulması ölkənin şirkətlərinə Bakıdan Ümumi Tranzit Ərazisinə daxil olan istənilən təyinat məntəqəsinədək vahid bəyannamə, vahid təminat və vahid prosedur əsasında daşımalar həyata keçirmək imkanı verəcək. Hazırda Ümumi Tranzit Ərazisi 41 ölkəni əhatə edir.
O vurğulayıb ki, Konvensiyaya qoşulma sərhəd-keçid məntəqələrindən daha sürətli keçidə, gömrük prosedurlarının elektronlaşdırılmasına, təminat xərclərinin azaldılmasına və iştirakçı ölkələrdə vahid qaydaların tətbiqinə şərait yaradacaq. Eyni zamanda, məsuliyyət, sorğular və iddialarla bağlı hüquqi müəyyənlik təmin olunacaq.
Toğrul QuluzadəMənbə: apa.az