Ticarət Palatası: Almaniya şirkətləri Orta Dəhliz ekosisteminin bir hissəsinə çevrilməkdə maraqlıdır

Ticarət Palatası: Almaniya şirkətləri Orta Dəhliz ekosisteminin bir hissəsinə çevrilməkdə maraqlıdır

Tarix: 21 Oct 2026 12:48

Almaniya şirkətləri Orta Dəhliz ekosisteminin bir hissəsinə çevrilməkdə maraqlıdır.

APA xəbər verir ki, bunu Almaniya–Azərbaycan Xarici Ticarət Palatasının İcraçı direktoru və İdarə Heyətinin üzvü Nargis Wieck Azərbaycan–Avropa İttifaqı Biznes Forumunda keçirilən “Transxəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz) boyunca Aİ–Azərbaycan biznes əlaqələri” adlı panel müzakirəsində deyib.

O bildirib ki, son iki ildə Orta Dəhliz Almaniyanın biznes ictimaiyyəti arasında getdikcə daha çox tanınmağa başlayıb.

Nargis Wieck bunu mövcud geosiyasi dəyişikliklər və çağırışlarla, eləcə də şirkətlərin risklərin idarə olunması və təchizat zəncirlərinin şaxələndirilməsi zərurəti ilə əlaqələndirib.

Onun sözlərinə görə, Orta Dəhliz yalnız Avropa ilə Asiya arasında nəqliyyat və logistika marşrutlarının şaxələndirilməsi baxımından deyil, həm də təchizat zəncirlərinin dayanıqlılığının artırılması baxımından əhəmiyyətlidir. Xüsusilə sənaye sektorunda əlavə dəyərin artırılmasına önəm verən Almaniya üçün bu istiqamət yeni imkanlar yaradır.

Palatanın İcraçı direktoru qeyd edib ki, Almaniya investorları Orta Dəhliz ekosisteminin bir hissəsinə çevrilməkdə maraqlıdırlar. Bu maraq multimodal terminallara və infrastruktura investisiyaları, eləcə də texnologiyaların və texniki həllərin tətbiqini əhatə edir.

O vurğulayıb ki, Almaniya şirkətlərinin regionda iştirakı yalnız yüklərin bir məntəqədən digərinə daşınması ilə məhdudlaşmamalıdır. Azərbaycanlı tərəfdaşlar da Almaniya şirkətlərinin ölkədə formalaşan iqtisadi ekosistemə inteqrasiyasında maraqlıdırlar.

Nargis Wieck bildirib ki, Azərbaycanın müxtəlif sektorlar üzrə regional mərkəzə çevrilməsi Almaniya və digər Avropa şirkətləri üçün əməkdaşlıq imkanlarını genişləndirə bilər. Onun sözlərinə görə, Avropa biznesinin regionda mövcudluğunun artırılması və etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi böyük əhəmiyyət daşıyır.

O əlavə edib ki, Orta Dəhliz üzrə investisiya imkanlarının reallaşdırılması yalnız maliyyə resurslarından asılı deyil. Bu sahədə dövlət öhdəlikləri və mövcud proqramlarla yanaşı, özəl maliyyə vəsaitlərindən də istifadə etmək mümkündür.

Toğrul Quluzadə

Mənbə: apa.az

Xəbər Lenti