Çərşənbə, 21 Oktyabr, 2026
Tarix: 21 Oct 2026 22:43
Belçikanın paytaxtı Brüsseldə azərbaycanlı itkin düşmüş şəxslərin xatirəsinə həsr olunmuş aksiya keçirilib.
APA xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb. Məlumata görə, aksiya oktyabrın 21-də Avropa İttifaqının əsas təsisatlarının yerləşdiyi Şuman meydanında “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbir oktyabrın 20-də Avropa Parlamentinin qarşısındakı Lüksemburq meydanında keçirilən aksiyanın davamı olub.
Aksiya iştirakçıları Ermənistanın 4010 azərbaycanlı itkinin taleyinə hələ də aydınlıq gətirmədiyini bildirərək, itkin düşmüş şəxslər barədə məlumatların açıqlanmasını tələb ediblər.
İtkin ailələri sülh prosesinin davam etdiyi bir vaxtda bu məsələnin həllinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Onlar Avropa Parlamentini azərbaycanlı itkinlərin taleyinə kifayət qədər diqqət ayırmamaqda da tənqid ediblər.
“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova itkin düşmüş şəxslərlə bağlı aksiyaların davam etdiriləcəyini açıqlayıb.
Tədbir çərçivəsində itkin düşmüş azərbaycanlıların fotoşəkilləri, geyimləri və məktub zərflərindən ibarət xüsusi instalyasiya nümayiş etdirilib. Zərflərin üzərində itkinlərin dilindən yazılmış mesajlar yerləşdirilib.
Ziyarətçilər itkin ailələrinə dəstək mesajları yazıb, xatirə lentləri bağlayıb və güllər qoyaraq həmrəylik nümayiş etdiriblər.
Qeyd edək ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsində “Yoxluğun sədası” layihəsi ilə qalib olub.
Brüssel Belçika Azərbaycan itkin düşmüş şəxslər Qarabağ İtkin Ailələri Könül Behbudova Avropa Parlamenti Şuman meydanı QHT Agentliyi Yoxluğun sədası
Mənbə: apa.az