Efiopiyada dron zərbəsi nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb

Efiopiyada dron zərbəsi nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb

Tarix: 21 Oct 2026 21:53

Efiopiyanın Tiqray bölgəsinin cənubunda pilotsuz uçuş aparatının zərbəsi nəticəsində azı 4 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

AFP agentliyinin məlumatına görə, hadisə oktyabrın 20-si axşam saatlarında bölgənin inzibati mərkəzi Mekele şəhərindən təxminən 85 kilometr cənub-qərbdə yerləşən Finarva yaşayış məntəqəsində baş verib.

Adının açıqlanmasını istəməyən yerli din xadiminin sözlərinə görə, dron zərbəsi keçiləri avtomobilə yükləyən tacirlərə endirilib.

“Dörd nəfər, o cümlədən iki uşaq hadisə yerində həlak olub. Mən şəxsən ölənlərin hamısının cəsədlərini dəfn üçün kəfənləmişəm”, – o bildirib.

Digər yerli sakin də ölənlərin sayını və hadisənin başvermə şəraitini təsdiqləyib. Onun sözlərinə görə, təcili tibbi yardım avtomobilinin olmaması yaralıların xəstəxanaya çatdırılmasını çətinləşdirib.

AFP qeyd edib ki, məlumatları müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb. Efiopiya federal ordusunun nümayəndəsi isə agentliyin sorğusuna hələlik cavab verməyib.

Qeyd edək ki, Tiqray bölgəsində federal ordu ilə Tiqray Xalq Azadlıq Cəbhəsinin qüvvələri arasında döyüşlər sentyabrın sonunda yenidən başlayıb. Hökumət qüvvələrinin hücumlarından sonra üsyançılar Mekele və bölgənin digər iri şəhərlərindən geri çəkiliblər.

Oktyabrın 16-da Efiopiyanın Baş naziri Abiy Əhməd Tiqrayda altı aylıq müvəqqəti administrasiyanın yaradıldığını elan edib. Yeni administrasiyanın əsas vəzifələri dövlət xidmətlərinin bərpası, məcburi köçkünlərin geri qayıtmasına şərait yaradılması və regional seçkilərə hazırlıqdır.

Efiopiya Tiqray dron zərbəsi Mekele Finarva ölənlər yaralılar AFP silahlı qarşıdurma

Mənbə: apa.az

Xəbər Lenti