Çərşənbə, 28 Oktyabr, 2026
Tarix: 28 Oct 2026 13:37
Azərbaycanda qiymətli kağızlar bazarında fəaliyyət göstərən emitentlərin yerli kredit reytinqləri əsasında qiymətləndirilməsi üçün müvafiq sistemin formalaşdırılması istiqamətində işlər aparılır.
“APA-Economics” xəbər verir ki, bunu “PAŞA Kapital” QSC-nin baş icraçı direktoru İsi Mustafayev XII Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
Onun sözlərinə görə, hazırda institusional investorların bir hissəsi investisiya qərarlarını qəbul edərkən “Fitch Ratings”, “S&P Global Ratings” kimi beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrinə üstünlük verir.
Lakin bu reytinqlər daha çox beynəlxalq kapital bazarlarında yerləşdirilən qiymətli kağızlar üçün əhəmiyyət daşıyır.
“Əgər investor da daxildədirsə, yerləşdirmə də ölkə daxilində həyata keçirilirsə, yerli reytinqlərə istinad etmək daha məqsədəuyğun ola bilər”, – deyə İ. Mustafayev bildirib.
O qeyd edib ki, bəzi institusional investorların öz daxili reytinq sistemləri mövcuddur. Həmin investorlar qiymətli kağızların alınması ilə bağlı qərarlarını emitentlərin daxili qiymətləndirilməsi əsasında qəbul edirlər.
“Məndə olan məlumata görə, Mərkəzi Bank da artıq bu istiqamətdə müəyyən işlərə başlayıb və daxili reytinq sisteminin formalaşdırılması prosesi gedir”, - deyə o vurğulayıb.
İ. Mustafayevin sözlərinə görə, yerli reytinq sisteminin yaradılması və emitentlərə müvafiq reytinqlərin verilməsi həm investorlar, həm də kapital bazarından maliyyə cəlb etmək istəyən şirkətlər üçün əlavə istinad nöqtəsi formalaşdıracaq.
O əlavə edib ki, reytinq mexanizmlərinin inkişafı yerli kapital bazarında investisiya qərarlarının qəbul edilməsinə və emitentlərin qiymətləndirilməsinə müsbət təsir göstərə bilər.
Rahim Tarıverdiyev PAŞA Kapital Fitch S&PMənbə: apa.az