Hüseyn Hüseynov: Qarşıdakı dövrdə Azərbaycanın əsas prioritetlərindən biri iqlim hədəflərinə nail olmaq olacaq

Hüseyn Hüseynov: Qarşıdakı dövrdə Azərbaycanın əsas prioritetlərindən biri iqlim hədəflərinə nail olmaq olacaq

Tarix: 28 Oct 2026 13:51

Qarşıdakı orta və uzunmüddətli dövrdə Azərbaycan hökumətinin əsas prioritetlərindən biri də iqlim hədəflərinə nail olmaq olacaq.

“APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

O vurğulayıb ki, bugünkü doqquzuncu DİM Dialoqu Nazirlər Kabinetinin qərarı ilə hazırlanması nəzərdə tutulan aşağı karbonlu inkişaf strategiyası ilə əlaqədardır: “Bu strategiya karbon emissiyalarının azaldılmasına xidmət edəcək. Strategiya çərçivəsində 2060-cı ilə qədər sıfır emissiya hədəfinə nail olunması nəzərdə tutulur.

Təbii ki, aşağı karbonlu inkişaf strategiyasının hədəflərinə nail olmaq üçün maliyyə resurslarına çıxış imkanlarının artırılması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə müxtəlif maraqlı tərəflərlə birlikdə maliyyə resurslarının tapılması və səfərbər edilməsi, eləcə də karbon emissiyalarının azaldılması hədəflərinə çatmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi əsas vəzifələrdən birini təşkil edəcək”, - deyə o qeyd edib.

“Bugünkü müzakirələr də məhz sıfır emissiyalara nail olunması istiqamətində dövlət sektoru nümayəndələrinin, özəl sektorun, beynəlxalq təşkilatların, akademik dairələrin və qeyri-hökumət təşkilatlarının iştirakı ilə keçirildi.

Müzakirələrin əsas mövzusu və mərkəzi elementi enerji sektorunda dekarbonizasiyaya nail olmaq istiqamətində tədbirlərin həyata keçirilməsi idi. Bu çərçivədə Energetika Nazirliyi və BMT-nin Asiya İqtisadi Komissiyası ilə birgə hazırlanmış yol xəritəsi müzakirə olundu. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən və alternativ enerji sahəsində fəaliyyətini davam etdirən şirkətlərin nümayəndələri tərəfindən müxtəlif fikirlər səsləndirildi”, - deyə Hüseyn Hüseynov qeyd edib.

İlahə Səlimova Hüseyn Hüseynov DİM iqlim hədəfləri

Mənbə: apa.az

Xəbər Lenti