Bazar, 1 Noyabr, 2026
Tarix: 01 Nov 2026 17:26
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan Ukraynaya təcili “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər verilməsini xahiş edib.
APA xəbər verir ki, Volodimir Zelenski Telegram-da paylaşımında yazıb ki, yalnız bu gecə Rusiyanın zərbələri Ukraynanın Dnepropetrovsk, Vinnitsa, Jitomir və Xmelnitski vilayətində enerji infrastrukturunu hədəf alıb.
“Bunlar insanların yaşadığı evləri elektrik enerjisi ilə təmin edən yarımstansiyalar, transformatorlar və elektrik xətləridir. Hər yerdə təmir briqadaları işləyir. Hazırda yüz minlərlə ailə elektrik enerjisiz qalıb. Rusiya Ukraynanın digər kritik infrastrukturlarına da davamlı olaraq kütləvi hücumlar həyata keçirir. Bu həftə ərzində Rusiya Ukraynaya 1940 zərbə dronu, 1580-dən çox idarəolunan aviasiya bombası (KAB) və müxtəlif tipli 44 raket atıb. Onlardan 36-sı ballistik raket olub. Zərbələrin intensivliyi olduqca yüksəkdir və rusiyalılar ballistik raketlərin qarşısını almaq üçün nəzərdə tutulan raketlərin çatışmazlığından maksimum yararlanmağa çalışırlar.
ABŞ, Avropa və bizə kömək edə biləcək digər tərəfdaşlarla “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərə olan ehtiyacımız barədə hər gün əlaqə saxlayırıq. Bu ay ABŞ və Avropa ölkələri tərəfindən Ukraynaya yeni yardım paketlərinin ayrılması ilə bağlı qərarlar da qəbul edilib. Lakin bu tədarüklər illərlə gözləyə bilməz. Rusiya məhz indi infrastrukturu dağıdır, insanlarımızı öldürür və bu qış ballistik raketlərdən geniş istifadə etməyə ümid edir. Buna görə də hava hücumundan müdafiə ilə bağlı qərarlar indi həyata keçirilməlidir. Ukrayna səmasının müdafiəsinə dəstək verən hər kəsə təşəkkür edirəm”, - deyə Ukrayna Prezidenti qeyd edib.
Volodimir Zelenski Ukrayna Prezidenti ABŞ Patriot raketMənbə: apa.az