ABŞ hərbçiləri Ayovada 4,5 ton zəhərli maddəni partlayışla məhv ediblər

ABŞ hərbçiləri Ayovada 4,5 ton zəhərli maddəni partlayışla məhv ediblər

Tarix: 25 Nov 2026 20:56

ABŞ hərbçiləri Ayova ştatındakı zavodda 4,5 ton qurğuşun azidini nəzarətli partlayış yolu ilə məhv ediblər.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı güclü partlayış səsi eşidilib, ərazidə yaranan iki ağ tüstü buludu qısa müddətdə dağılıb.

Hərbçilər jurnalistlərin və digər müşahidəçilərin əməliyyatın keçirildiyi əraziyə 6,4 kilometrdən çox yaxınlaşmasına icazə verməyiblər.

Hakimiyyət orqanlarının evdə qalmaq barədə xəbərdarlığına baxmayaraq, bəzi yerli sakinlər partlayışı izləmək üçün küçəyə çıxıblar.

ABŞ ordusu Midltaun şəhərindəki zavodda saxlanılan 68 çəllək zəhərli maddəni noyabrın 20-də məhv etməyi planlaşdırırdı. Lakin ətraf mühitə təhlükəli birləşmələrin yayılacağından narahat olan ekofəalların məhkəməyə müraciətindən sonra əməliyyata müvəqqəti qadağa qoyulmuşdu.

ABŞ Ədliyyə Nazirliyi isə noyabrın 22-də ordunun fövqəladə səlahiyyətlər əsasında utilizasiya işlərini həyata keçirmək hüququna malik olduğunu açıqlayıb.

ABŞ Ayova Midltaun partlayış qurğuşun azidi zəhərli maddələr ekologiya ABŞ ordusu Associated Press

Mənbə: apa.az

Xəbər Lenti